LeBron Ceyms 2013/14 mövsümündə ulduzlarla dolu "Bruklin Nets"in uğursuzluğunun səbəbləri barədə fikirlərini bölüşüb. O, həmin komandanın heyətində Deron Uilyams, Co Conson, Kevin Qarnett, Pol Pirs və Ceyson Terri kimi tanınmış oyunçuların olduğunu xatırladıb və bu layihənin niyə uğur qazana bilmədiyini izah edib.

Offsideplus.az xəbər verir ki, Ceyms həmin dövrdə "Bruklin"dəki ulduzların bir araya gəlsə də, birlikdə oynamaq üçün yetərincə vaxt tapmadıqlarını bildirib: "Onlar birlikdə həqiqətən oynamağa imkan tapmadılar. Üstəlik, hamısı artıq karyeralarının zirvəsini keçmişdi. Karyerada hansı mərhələdə olduğun uğur üçün çox önəmlidir. Bəzən bir neçə ulduzu bir komandada toplamaq kifayət etmir, hər şey istənilən kimi alınmır". Həmin mövsüm pley-offda "Bruklin Nets" əvvəlcə "Toronto Raptors"u 4:3 hesabı ilə məğlub etsə də, ikinci mərhələdə LeBron Ceymsin çıxış etdiyi "Mayami Hit"ə 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.