Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litvaya qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında komandanın qarşılaşmada yüksək səviyyədə mübarizə apardığını bildirib:
“Penalti epizodu şübhəli görünürdü. Həmin epizoddan əvvəl Emil Səfərova qarşı kobudluq olmuşdu. Hesabı bərabərləşdirdikdən sonra oyunda üstünlüyü ələ keçirdik. Komanda olaraq intizamlı çıxış etdik. Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan bir gündə meydana çıxdığımızı bilirdik. Qələbə qazana bilərdik, amma məğlub olmamaq da vacib idi. İnanıram ki, qarşıdakı oyunlarda qələbələr də olacaq”.
Abbasov əsas məqsədlərinin qrupda ilk pilləni tutmaq olduğunu qeyd edib:
“Bu hədəfə çatmaq üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Bununla yanaşı, milli komanda oyun planını daha da təkmilləşdirməlidir. Oyun baxımından artıq istədiyimiz səviyyəyə yaxınlaşırıq və planlaşdırdığımız futbolu nümayiş etdiririk.
Futbolçularda özünəinam artıb. Zaman keçdikcə daha yaxşı nəticələr əldə edəcəyik. Növbəti oyunda Lixtenşteynə qarşı da yalnız qələbə üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı növbəti qarşılaşmasını oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.


