Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
İlk qarşılaşma hazırda Qəbələdə keçirilir. Yerli komanda "Səbail"lə üz-üzə gəlir. Sabah isə "Turan Tovuz" doğma publika önündə "Neftçi" ilə qarşılaşacaq.
Qərb təmsilçisinin gürcüstanlı yarımmüdafiəçisi Piruzi Marakvelidze Offsideplus.az-a açıqlamasında bu oyundan gözləntilərini bölüşüb:
"Bizi "Neftçi" ilə çox vacib və çətin matç gözləyir. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Kubokun finalına vəsiqə qazanmaq istəyirik".
28 yaşlı futbolçu gələcək karyerası haqda da danışıb:
"Mövsümün bitməsinə hələ xeyli vaxt var. "Turan Tovuz"a gəlincə, komandada çox gözəl ab-hava var və bu rayonda azarkeşlər futbolu çox sevirlər. Bu, çox təqdirəlayiq haldır".
Xatırladaq ki, 19 apreldə keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyunu saat 16:00-da başlayacaq.
Daşqın Əziz


