La Liqa ilə əməkdaşlıq çərçivəsində əsas hədəflərimizdən biri idman vəkilliyinin "Kriştiano Ronaldo"su hesab olunan Xuan Krespo ilə söhbət idi. Müsahibə ilə bağlı razılığını almış, sualları hazırlamış və göndərmişdik. Qalırdı ünlü vəkilin asudə vaxt tapıb, cavablandırması. Nəhayət, dünən suallarımıza cavab aldıq.
Elə isə, vaxtilə Neymar və Lionel Messi kimi ulduzların mübahisəli məsələlərində onlarla əməkdaşlıq etmiş dünyaca ünlü Xuan Kresponu eksklüziv olaraq offsideplus.az-a verdiyi müsahibə ilə tanış olun.
- İdman vəkillərinin rolu futbolda geniş kütlə üçün məlum deyil. Bu baxımdan masanızda nə kimi işlər var?
- İdman vəkili kimi bir növ kölgədə qalsaq da, böyük transferlərin problemləri zamanı adımız mediada hallanır. Vəkillik idman bazarının vacib bir hissəsidir. Hər cür işlərə alışmışıq və hal-hazırda masamda xeyli sayda görüləcək işlər var. Məsələn, Afrika Millətlər Kubokunun seçmə mərhələsi ilə bağlı CAS-dakı müraciət, 17-ci maddə ilə bağlı bir neçə müraciət (müqaviləni haqsız olaraq pozma), eyni zamanda UEFA-dan göndərilən vəsaiti bərabər paylamayan bir futbol federasiyasına qarşı iddia və əlbəttə ki, agentlərdən oyunçulara qarşı şikayətlər və ya əksinə, transfer məsələləri və sair.
- COVİD-19-un ortaya çıxması işinizə nə dərəcədə təsir etdi? Pandemiya iş yükünüzü artırıbmı?
- Koronavirusa görə köçürmələrdə müəyyən azalmalar müşahidə olunmaqdadır. Müqavilələr pozulur, maaşlar birtərəfli şəkildə azaldılır – belədə işə biz qarışmalı oluruq. Yükümüzün artıb-azalmasına gəlincə, bir tərəfdən artıb, digər tərəfdən azalıb. Ona görə də əvvəlki illərlə müqayisədə ciddi fərqin olmadığını deməliyəm. Sadəcə, şikayətlərin məzmunu fərqlidir.
- Bu baxımdan İspaniyada vəziyyət necədir?
- Əlbəttə, pandemiya burda da öz sözünü deməkdədir. Azarkeşlər oyunlara buraxılmır, sponsorlar maliyyəni azaldıb və maaşların azaldılması yönündə müqavilələr imzalanıb.
- Bəs “Barselona” ilə “Real”? Bu iki nəhəng klubun ulduz futbolçularla anlaşmasında, yeni müqavilə bağlamasında ortaya nə kimi çətinliklər çıxır və ya çıxacaq?
- Bu cür durumlarda borcun məbləği şirkət və ya qurumun həcminə görə olur. Şirkət nə qədər böyükdürsə, borc da bir o qədər çoxalır. Bu yalnız futbolda yox, bütün sahələrdə belədir. Yaxşı ki, banklar var. Əmlakı, sənədi, tarixi olan klublar rahatlıqla dünya banklarından pul ala bilir. Ona görə də adlarını çəkdiyiniz klublarda ciddi narazılıqların olacağını düşünmürəm. Təbii ki, qarşılıqlı razılaşma əsasında maaşların, yaxud müqavilə müddətinin azaldılması, ya da ləğv edilməsi qaçılmaz deyil.

- Vaxtilə Lionel Messinin vəkilliyini etmisiniz. Elə isə, “10 nömrə”nin “Barselona” ilə yeni müqavilə imzalayıb-imzalamayacağını deyə bilərsiniz?
- Bu suala mənim cavab verməyim mümkün deyil. Çünki qərarı Messi verəcək.
- Karyeranızboyu nə vaxtsa AFFA, Azərbaycan klubları, azərbaycanlı məşqçi və ya futbolçularla əməkdaşlıq etmisiniz?
- Xeyr. İndiyə qədər heç vaxt əməkdaşlığımız olmayıb. Lakin mən danışıqlara və əməkdaşlığa açıq adamam. Nə vaxt müraciət etsələr, köməkliyimi göstərə bilərəm. Haqlı olduqlarını sübut etmək istəyirlərsə, mənimlə əlaqə qura bilərlər.
- Azərbaycan futbolu haqda məlumatlısınız?
- Əlbəttə.
- Bir mütəxəssis, vəkil, futbol təsərrüfatında olan adam kimi Azərbaycan futbolunun kənardan necə görürsünüz?
- Futbol azarkeşi olsam da, təəssüf ki, Azərbaycan futbolu üzrə mütəxəssis deyiləm. Futboldakı təcrübəmə və indiyə qədər olduğum bir çox ölkələrdə gördüklərimə əsasən deyə bilərəm ki, bir ölkə futbolun inkişafını istəyirsə, bütün sahələrdə peşəkarlıq olmalıdır. İnfrastruktur, idmançı bacarığı, maliyyə - bunlar sonrakı işlərdir. İlk növbədə peşəkarlıq gərəkir.

- Oktyabrda – Azərbaycanla Ermənistan arasındakı müharibə vaxtı “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov sosial şəbəkədə paylaşdığı statusa görə futboldan ömürlük uzaqlaşdırıldı, klub isə 100 min avro məbləğində cərimə olundu. Hazırda şikayətə CAS-da baxılır. Sizcə, cəza və cərimənin yüngülləşdirilməsi mümkündür?
- Məsələdən yalnız mətbuatda yazılanlar əsasında xəbərdaram. Vəkil olaraq tam məlumatım yoxdur. Ona görə də dəqiq cavab verməkdə çətinlik çəkirəm. Bircə onu deyə bilərəm ki, rəhbərlik etdiyim şirkət indiyə qədər CAS-a ünvanladığı bütün müraciətlərdə sanksiyaların azaldılmasına nail ola bilib. İntizam, korrupsiya, siyasi məsələlər və sair.
- Təcrübəli vəkil olaraq İbrahimovla “Qarabağ”a kömək edə bilərsiniz?
- Əlbəttə. Amma iş artıq CAS-dadırsa, əminəm ki, bacarıqlı vəkillə əməkdaşlıq edirlər.
HƏBİB



