Norveçin “Molde” klubunun direktoru Ole Erik Stavrum Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları “Qarabağ”la oyunun keçirilmə yerinin hələ də müəyyənləşməməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, bununla bağlı klublarla UEFA arasında danışıqların davam etdiyini söyləyib:
"Matçın harada keçiriləcəyi hələ bilinmir. Klublarla UEFA arasında danışıqlar davam edir".
Klub rəsmisi bildirib ki, görüşün Bakıda olması onlar üçün ciddi problem yarada bilər: “Bundan sonra uzun müddət karantində qalmalıyıq ki, bu da bizə sərf etmir. Bunun həm təsnifat mərhələsinin oyunları, həm də digər beynəlxalq matçlar zamanı bizə mənfi təsiri olacaq".
Qeyd edək ki, püşkə əsasən, "Qarabağ" - "Molde" matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməlidir. Ancaq "Molde" Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinlə üzləşəcəyini əsas gətirərək, "Qarabağ"la görüşün neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu hələlik oyunun konkret tarixi və məkanı ilə bağlı qərar qəbul etməyib.(qol.az)