Futbol qəribə oyundur.
Əsasən də kişilər üçün. Bizi dəhşətli şəkildə əsəbiləşdirə də bilir, sevindirə də. Bəxtimiz qara gətirib. Çünki Azərbaycanda doğulmuşuq. Haşa, ölkəmizə deyəcək sözümüz yoxdur. Allah-təala təbii sərvətlərlə dövlətimizi bol edib. Gözəl təbiətə malikik. İnsanlarımız istiqanlıdır. Amma yaradan Azərbaycana tərəfə futbol oynamağı bacaran insan göndərməyib. Ən azından son 21 ildə belədir. Bəlkə bundan sonra nəsə ola...
Xülasə, futbola görə Azərbaycan kişiləri ancaq əsəb keçirir. Düzdür, bəzən "Qarabağ" üzümüzü güldürür. Amma orada da legionerlərin - Juninyonun, Zubirin, Yankoviçin ümidinə qalmışıq.
Ümid demişkən, dünən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İngiltərə ilə qarşılaşırdı. Yığmamız 7:0 hesabı ilə darmadağın oldu. Bu oyundan öncə millimiz Şimali İrlandiyaya 5:0 hesabı ilə uduzdu. Futbolun yaradıcıları hesab edilən britaniyalıların futbolçunun yetişmədiyi Azərbaycana 2 oyunda 12 qol vurması da yaradanın bizə bir mesajıdır. Gəlin, anlayışla qarşılayaq. Allah deyir ki, futbol sizlik deyil.
Uzun illər əvvəl həm Türkiyə mediası, həm də biz 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını "Ümid milli" adlandırırdıq. Sonra bu ənənə yox oldu. Yaxşı ki, belə oldu. Yeni nəsil göstərir ki, Azərbaycan futbolunun gələcəyinə ümid yoxdur. Nəyəsə müsbət baxmağa da gərək yoxdur. Gəlin, hamımız birgə dua edək! Ey yaradan, yalvarırıq! Bizə heç olmasa, futbol oynamağı bacaran 11 övlad qismət et. Özümüz yetişdirə bilmirik! Ümidimiz tək sənsən...