İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək "UFC Fight Night: Fiziev vs. Torres" turnirində debüt edəcək Fərman Həsənov ABŞ-li Erik Nolan ilə döyüşdən əvvəl Offsideplus.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Özünüzü an etibarilə necə hiss edirsiniz?
– Yaxşı hiss edirəm. Döyüş həftəsidir, hazırda çəkisalma prosesi gedir. Pəhrizdəyəm. Lakin özümü yaxşı hiss edirəm.
– Hazırlıqdan razısınız? Sizə kimlər dəstək göstərdi?
– Bəli. Yaxşı keçdi. Məşqi Amerikada keçirdik, sonra döyüşə 3 həftə qalmış Bakıya qayıtdıq. Müəllimlərim, İbrahim və Heydər müəllim mənə dəstək göstərib.
– Sizin UFC-yə gəlişiniz gözlənilməz oldu. Bu proses necə baş verdi?
– LFA-da 3 il döyüşmüşəm, 3 qələbəm var. Oradan UFC-yə gedən döyüşçülər çoxdur. Bizdə menecer çox çalışırdı ki, məni UFC-yə salsın. Qismət Bakı oldu. "UFC Fight Night Baku" tədbirində döyüşəcəm.
– Titul uğrunda döyüşmək üçün UFC-yə gəldiyinizi dediniz. Yarımorta çəki dərəcəsində zirvədə İslam Maxaçev var...
– Bu əlbəttə illər aparır, zaman lazım olacaq. Məqsəd UFC-yə düşmək idi. UFC-də döyüşəndən sonra insanda məqsəd kəməri götürmək, çempion olmaqdır. Əvvəlcə qarşıdan gələn və növbəti döyüşlərimə fokuslanmışıq. İnanıram ki, bunu bacaracağıq, titula gedib çıxacağıq. Sadəcə bu zaman, disiplin, məşq, səbr tələb edən bir şeydir.
– Deyirlər ki, kişilərdə əsas güc 30 yaşdan sonra olur. Razılaşarsınız?
– Ola bilər. Bir az düşüncə ilə bağlıdır. 30-dan sonra beyin fərqli işlədiyi üçün o da insanı başqa cür yanaşmağa aparır. Nizam-intizam, güc, idman baxımından bu, ola bilər.
– Tofiq Musayev üçün Bakıda debüt çətin keçdi. Siz bu atmosferi təzyiq kimi hiss edirsiniz, yoxsa?
– Bu idmandır. Tofiq debütdən sonra özünü daha yaxşı göstərdi. Hər şey ola bilər. Təzyiqdən çox dəstək hiss edirəm. Bu da motivasiya verir. İnanıram ki, hər şey yaxşı olacaq.
– Azərbaycanı təmsil edəcək digər döyüşçülər də artıq Bakıdır. Bir araya gəlmisiniz?
– Bəli. Nazim və Rafaellə görüşməmişik, lakin Tahirlə görüşdük. İnanıram ki, 4 azərbaycanlının 4-ü də qələbə ilə bitirəcək.
– Sizin bu ana qədər 5 qələbəniz, rəqibin isə 4 məğlubiyyəti var. Kimdə hesab dəyişəcək?
– İnşallah, 6-0 olacaq.
– Psixoloji üstünlük kimdədir?
– Psixoloji üstünlük mənim tərəfimdə olacaq.
– Niyə "Şir" ləqəbi?
– Atam həmişə məni aslanım çağırıb. Ona görə də ləqəbim elə qalıb.
– Rəqib Erik Nolanın ləqəbi "Gecə Vaxtı"dır. Gecə vaxtı nə olacaq?
– O, yəqin ABŞ vaxtını nəzərdə tutub. Bakının gecə vaxtı başqa şeylər olacaq. Məğlub olacaq.
– Azarkeşlərə döyüşdən əvvəl sözünüz?
– Azarkeşlərə maraqlı döyüş və gecə olacaq. 4 azərbaycanlı döyüşəcək. Gəlib dəstək olsunlar, maraqlı döyüş izləyəcəklər. İnşallah 4 qələbə ilə bitirəcəyik.
FOTO: Elmir Kərimov
.jpg?1782219566137)
.jpg?1782219579147)



