Cəsarətli, uzaqgörən qərarları ilə adını Böyük Britaniya tarixinə həkk etdirmiş siyasi xadim Uinston Çörçillin yaxşı bir fikri var:

"Uğur - entuziazm hissini itirmədən bir uğursuzluqdan digər uğursuzluğa doğru hərəkət etmək bacarığıdır".

"Sumqayıt " futbol klubu uğursuzluqdan uğursuzluğa hərəkət etmir, sadəcə, sürünür. 

Sevən adam qarşı tərəfdən də sevgi gözləyir, bir xoş sözə, təbəssümə möhtacdır.

"Sumqayıt" futbol klubu isə təbəssüm, qarşılıq nədir, azarkeşlərin hislərini o qədər alçaldıb, o qədər tapdalayıb ki, bu sevginin xəmirindən tədricən nifrət, biganəlik yaranıb.

Biganəlik nədir? Sevginin faciəsi.

Dünən qara, şaxtaya baxmadan Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionuna  "Sabah"la oyuna baxmağa gələn yeniyetmə, gənc, yaşlı nəslin nümayəndələrinə nə deyəcəksən, "Sumqayıt" rəhbərliyi?

Buraxılan 4 qola görə heç olmasa, 4 cümləlik müraciət yazıb, azarkeşlərin heysiyyatı ilə oynadığınıza görə bağışlanmağınızı rica etməyə cəsarətiniz çatacaqmı?

İstefa mədəniyyətinin klassik qaydaları barədə vərəq-vərəq nəzəriyyələri oxuyub, heç olmasa, bir dəfə bunu rəhbərlik səviyyəsində təcrübədə yoxlayacaqsınızmı?

Əsassız iddialara görə məhkəmə zallarındakı məğlubiyyətin yaşıl meydançalardakı məğlubiyyətlərə qarışdığı bir dövrdə bəhanəniz nə olacaq?

Bəlkə bir dəfə - cəmi bir dəfə ictimaiyyət qarşısına çıxıb, hesabat verəcəksiniz? Üzr istəyəcəksiniz? Daxilən necə pərişan olduğunuzu əl-üz mimikalarının da köməkliyi ilə göstərib, azarkeşlərin qəlbinə bir yol tapmağa çalışacaqsınız? Deyəcəksiniz ki, "biz də sizlərdən biriyik, daha özümüzü çəkib, məğlubiyyətlərin arxasında gizlənməyəcəyik, gəlin, əl-ələ verib, bu çətin dövrü birgə adlayaq"? 

10 oyun, 0 qol, 0 qələbə. Hanı sizin qollarınız, hanı siziin qələbələriniz? Sumqayıt futbol ailəsinin təsəlli yeri, gedib-gələn nəfəsi olan klubun başına daha nələr gətirmək istəyirsiniz?

Mən baş məşqçi Vaqif Cavadovun halına yanıram. Onun düşüncələri, futbola və həyata baxışı fərqlidir. Özü də çox cavandır. "Sabah"la darmadağından sonra birbaşa rəhbərliyi günahlandırır, heyətin kasadlığından, ustalıq səviyyəsinin aşağı olmasından danışır.

Bəli, "Sumqayıt"ın ən əsas problemi heyətlə bağlıdır. Bəs heyəti kim toplayıb? Prezident Riad Rəfiyevin başçılığı altında rəhbərlik. 

"Sumqayıt" klubunun Müşahidə Şurasının üzvləri, nəhayət, hərəkətə keçməlidirlər. Artıq "Sumqayıt"da müşahidə eləməyə çox şey qalmayıb. Br də baxıb görəcəksiniz ki, komandanın I liqada çıxışını müşahidə eləyirsiniz.

İstənilən uğursuzluq mexanizmin işlək olmaması anlamına gəlir. Dəyişikliklər labüddür. Əcəba, dəyişikliyə niyə Riad Rəfiyevdən başlamamalı? Əgər heyətdə futbolçu kasadlığı varsa, Vaqif Cavadov demişkən, ustalıq səviyyəsi aşağı olan oyunçular komandaya götürülübsə, deməli, bir nömrəli cavabdeh prezidentdir. Ona görə də nə qədər gec deyilsə, Riad Rəfiyevə radikal dəyişikliklərə özündən başlamağı tövsiyə edirik. Əks halda, hər şey Sumqayıtda "persona non grata" statusu almağınıza doğru gedir.

Kubokda "Sumqayıt"a bir quş... Bu, klubun simvolu olan göyərçin deyil. Bu, "Sumqayıt" rəhbərliyinin nəticəsiz fəaliyyətinə, prezident Riad Rəfiyevin menecerliyinə, Vaqif Cavadovun antirekorduna qoyulan quşdur... Bir göyərçinlə baharı qarşılamaq olmaz...