FİFA-nın məlumatına və FİFA Hakimlər Komitəsinin sədri Pierluiji Kollinanın müsahibəsinə əsasən VAR sisteminə oxşar yeni sistemin mümkün tətbiqi anons edilib. Bu futbol camiəsində maraqla qarşılanıb və VAR sisteminin mümkün əvəzedicisinin yaranması kimi təqdim edilib. Bu sistem FVS (“Football Video Support”) – “Futbola Video Dəstək” sistemi adlanır. Bəs bu yeni sistemin məqsədi nədir? Yeni sistem VAR-ın gələcəyinə necə təsir edəcək? Yeni sistemin tətbiqi futbola nə verəcək? Bu suallara cavab tapmaq üçün “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin VAR sisteminin gələcək perspektivi, yeni yaranan FVS sisteminin inkişafı və bu sistemlərin müqayisəsi barədə araşdırmasını sizlərə təqdim edirik.
VAR sisteminin bu gün gördüyümüz hala gəlməsi üçün uzun illər vaxt lazım olub. Bu təsadüfü deyil. FİFA futbolda qaydalar səviyyəsində etmək istədiyi bütün dəyişiklikləri rəsmi prosedur ilə təsdiq etməlidir və burada əsas söz sahibi kimi müstəqil təşkilat olan İFAB çıxış edir.
İFAB öncə mümkün dəyişiklikləri rəsmi təklif səviyyəsində qəbul edir. Sonra İFAB tədqiqat proqramları çərçivəsində FİFA ilə birlikdə mümkün dəyişiklikləri real yarışlarda (adətən aşağı yaş qrupları üzrə yığmalar səviyyəsində olan yarışlar) test edir. Bu testlər İFAB-ın texniki alt komitəsinin nəzarəti və bilavasitə rəhbərliyi altında baş verir. Beləliklə, yalnız texniki testləri, məsləhətləşmə və müzakirələri keçən mümkün oyun dəyişiklikləri İFAB Baş Assambleyasında təsdiq edilir.
Yuxardakı inkişaf yolu yeni FVS sistemi üçün eyni olacaq və onun rəsmi təsdiqi hələ bir neçə il vaxt aparacaq. Bununla belə söyləmək vacibdir ki, FVS artıq öz inkişafına başlayıb və ilkin testlər bitib.
Bəs yeni FVS nədir və bu sistem niyə yaranır?
Qısa şəkildə başa düşmək üçün FVS sisteminin razılaşdırılmış iş prinsipi və oyunlarda addımlar ardıcıllığını təqdim edirik:
1. FVS sistemi VAR-da olduğu kimi yalnız aşağıdakı senarilərdə mümkün aydın və aşkar bir səhv və ya qaçırılmış ciddi hadisələr zamanı istifadə olunur: Qol/qol deyil; Penalti/verilməyən penalti; Birbaşa qırmızı vərəqələr (ikinci sarı vərəqə daxil deyil); Yanlış müəyyən etmə (hakim səhv oyunçunu xəbərdar etdikdə və ya meydandan kənarlaşdırdıqda).
2. Hakim qərar verdikdən (oyunu davam etdirmək jesti də qərar hesab olunur) sonra komanda epizoda təkrar baxmaq üçün müraciət etdikdə istifadə olunur.
3. Yalnız komandanın baş məşqçisi (və ya onun olmadığı halda, texniki zonada olan əsas komanda nümayəndəsi) təkrar baxmaq üçün müraciət edə bilər. Bu müraciət oyun epizodundan dərhal sonra, baş məşqçi tərəfindən baş barmağı yuxarı havaya qaldırmaq və tələb kartını dördüncü hakimə təqdim etməklə edilməlidir. Lakin hər bir oyunçu baş məşqçidən təkrar baxmaq tələbini etməyi xahiş edə bilər. Çünki oyunçular oyun epizoduna yaxın olduğundan hadisəni daha yaxşı görürlər.
4. Dördüncü hakim təkrar tələbini hakimə bildirəcək və əgər oyun epizoddan sonra dayanıbsa, (və yenidən başlamayıbsa), hakim VAR sistemində olduğu kimi monitora yaxınlaşaraq, təkrar görüntünü izləyəcək. Epizoddan sonra oyun dayanmadan davam edirsə, hakim top neytral zonada olduqda oyunu dayandıracaq və monitora gedərək təkrar görüntünü nəzərdən keçirəcək.
5. Təkrar baxış zamanı görüntü hakimə operatorun köməkliyi ilə təqdim ediləcək. Operator monitorda fərqli təkrar görüntüləri (məsələn, müxtəlif kamera bucaqları, bölünmüş ekran, fərqli təkrar sürətləri və s.) nümayiş etdirəcək.
6. Hakimin verdiyi ilkin qərar yalnız təkrar görüntülər açıq sübutlarla qərarın açıq və ya aşkar səhv olduğunu və ya qaçırılmış ciddi hadisə olduğunu nümayiş etdirərsə, dəyişdiriləcək. FVS sistemi az sayda kamera istifadə etdiyindən təkrar görüntülər tez-tez qane edici olmaya bilər və bu halda hakim ilkin qərarı dəyişdirməyə bilər.
7. Təkrar baxış tələbi dərhal edilməlidir ki:
o Oyun Qaydalarının tələbinə uyğun olaraq oyun dayandıqdan sonra yenidən bərpa edildikdə qərar dəyişdirilə bilməsin;
o Komandanın baş məşqçisi təkrar baxış tələbi edib-etməməyi düşünərkən oyunun lüzumsuz gecikməsinin qarşısı alınsın.
8. Qol vurulduqdan sonra dördüncü hakim monitorda görüntüləri yoxlayacaq, açıq və ya aşkar qayda pozuntusu olduğu təqdirdə hakimə məlumat verəcək. Bu halda qərar yozuma açıq epizoddursa, hakim özü baxıb, yekun qərarı verəcək.
Əlavə olaraq, onu qeyd edək ki, hər komanda yalnız 2 dəfə (test mərhələsində belə razılaşdırılıb, gələcəkdə dəyişdirilə bilər) təkrar baxış tələbi irəli sürə bilər. Bu tələb nəticəsində komanda haqlı olarsa, baxış tələbi üçün cəhd itirilməyəcək.
Bəs VAR və FVS sistemləri arasında fərq nədən ibarətdir?
VAR və FVS-nin müqayisəli təhlili:
Bu suala cavab tapmaq üçün VAR və FVS sistemlərinin məqsədləri və mümkün fərqləri aşağıda göstərilir.
Ümumilikdə, həm VAR, həm də FVS texnologiyaları futbol hakimliyində ədaləti və dəqiqliyi artırmaq məqsədi daşıyır. Onların konseptual məqsədləri və oyun zamanı tətbiq ardıcıllığı çox oxşardır. Lakin onların əhatə dairəsi, məsrəfləri və tətbiq prinsipləri fərqlənir.
Yekun nəticə:
Müqayisə aydın şəkildə göstərir ki, FVS sistemi VAR-ın sadələşdirilmiş versiyası olmaqla daha kütləvi şəkildə istifadə oluna bilər. Buradan belə qənaətə gəlmək olar ki, FVS VAR sistemini əvəz etməyərək, video təkrar texnologiyalarını və imkanlarını daha az büdcəli və aşağı liqalara daşımağa kömək edəcək. Bu sistemin əsas özəlliyi əlavə VAR hakimlərinə və VAR infrastrukturuna ehtiyac olmadan komandalara onların razı olmadığı epizodlarla bağlı təkrar baxış fürsətini təqdim etməkdir. Bu həmçinin komandaların hakimlikdən narazı qalmamasına kömək edəcəkdir.
Yekunda, əminliklə söyləmək olar ki, FİFA VAR sistemini əvəz etməyi düşünmür və onun daha geniş miqyasda tətbiqinə səy göstərir. Çünki, bu gün VAR artıq bütün konfederasiyalarda, 50 ölkə və 200-dən artıq yarışda uğurla istifadə olunur. Yekunda vurğulayaq ki, FVS test mərhələsindədir və futbol oyun qaydalarına daxil ediləcəyi vaxt məlum deyil.
Bir şey aydındır ki, İFAB bu sistemi təsdiq etdiyi təqdirdə FVS-nin video təkrar imkanlarının aşağı liqalarda, o cümlədən ölkəmizin kubok yarışının ilkin mərhələsi və I divizion yarışlarında tətbiqi mümkün olacaqdır.
Qeyd edək ki, bu araşdırma “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi (AFH) tərəfindən Azərbaycan futbol ictimaiətini futbol oyun qaydalarında olan yeniliklər barədə maarifləndirmək məqsədilə hazırlanmışdır.