Dünən "Qarabağ" futbolçularının iştirakı ilə azarkeşlər üçün imza mərasimi baş tutub.
Tədbirdə Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina iştirak edirdi. Klubun fan-şopunun yerləşdiyi ticarət mərkəzlərinin birində baş tutan görüşə yüzlərlə azarkeş gəlmişdi. Ağdam təmsilçisinin rəsmi saytında qeyd olunan vaxtdan 40 dəqiqə əvvəl fan-şopun önündə izdiham yaşanırdı. Yaşından asılı olmayaraq xeyli sayda insan fubolçularla şəkil çəkdirmək, eyni zamanda forma imzalatdırmaq üçün ön sıralara keçməyə çalışırdı/mübarizə aparırdı.
Xaos isə bundan sonra başladı. Çünki, məmləkətimizdə sıra mədəniyyəti tam formalaşmayıb. 18:25-də tədbirin səbəbkarları onlara ayrılmış xüsusi yerdə forma imzalamaq üçün hazır idi. Fəqət insanların bir-birilərinə xoşagəlməz davranışı, “birinci özüm oyunçularla şəkil çəkdirim düşüncəsi” sonda xoşagəlməz situasiyanın yaranmasına səbəb oldu. Çaxnaşma səbəbindən görüş sona qədər davam etmədi. Doğru qərar idimi? Bəli. Bu məsələdə günahkar kimdir? Təbii ki, yeniliyə hazır olmayan azarkeşlər.
Bəlkə də tədbir geniş ərazidə və açıq havada təşkil edilsəydi, bu problem yaşanmazdı. Məsələnin daha böyük vüsət almasına kim səbəb oldu? Təbii ki, insanlar.
Baxın, əvvəlcədən müəyyən edilmiş marşurutla azarkeşlər futbolçularla şəkil çəkdirib, formalarını imzalatdırıb, ərazini tərk edəcəkdi. Lakin vətəndaşlarımızın bir-birini itələməsi, hətta vurması, həmçinin, xeyli sayda şəxsin halının pisləşməsi vəziyyətin nə qədər acınacaqlı olduğunun təzahürü idi. Sıra mədəniyyətinin bizə yad olması oxşar problemlərin digər yerlərdə də yaşanmasına səbəb olur. Metro, avtobus və s. buna nümunədir. Avropa təcrübəsinə baxdıqda, görürük ki, xarici azarkeşlər saatlarla sırada gözləyir, dəstəklədiyi oyunçu ilə şəkil çəkdirir və xoşbəxt şəkildə oranı tərk edir. Bizdə isə...
Hələ uzun illər bu kimi məsələlərə həsədlə baxacağıq.