AFFA-nın baş katibi Sərxan Hacıyev Estoniyanın paytaxtı Tallində jurnalistlər üçün brifinq keçirib.

Offsideplus.az xəbər verir ki, assosiasiya rəsmisi bir sıra maraqlı məsələlərə toxunub.

- Canni de Byazi millidə 4-cü ildir işləsə də, sadəcə, problemlərdən danışır. Bu problemləri biz də bilirik. Azərbaycan futbolundakı çatışmazlıqlar hər zaman müzakirə olunur. İstər idman mediası, istər idman camiəsi bunları düzgün təhlil edir. Problem nədədir? Bəlkə, AFFA Byaziyə “əlindən nə gəlirsə, et” şərti qoyub?

- Xeyr. Elə bir şərt yoxdur. Hər bir baş məşqçi tutarlı səbəb demək məcburiyyətindədir. Nəticə ilə bağlı İcraiyyə Komitəsinin iclasında baş məşqçidən hesabat tələb olunur. Həmin hesabat dinlənilir. Müxtəlif suallara cavab alınır. Sualınıza belə cavab verə bilərəm ki, verilən hesabatlar nəzərə alınır və gələcək üçün müəyyən qərarlar çıxarılır.

- Byazinin qarşısına hansı məqsəd qoyulub? Çünki çalışdırıcı ümid vəd edən heyət belə qurmayıb. Sanki qrupun çətinliyini düşünərək, məğlub olmağa qəbullanıb. Görünən odur ki, məşqçinin heç bir planı yoxdur...

- Məşqçi oyundan öncə artıq məğlub olursa, bu, düzgün deyil. Byazinin sizə necə cavab verdiyini bilmirəm. Komandadan, qrupdan asılı olmayaraq, hər kəs meydana qələbə üçün çıxmalıdır. Məqsəd qələbə olmalıdır. Müəyyən reallıqlar var. Komandaya Avropa çempionatının finalına vəsiqə qazanmaq məqsədi qoymaq çox çətindir. Belə məqsədi baş məşqçinin qarşısına qoymaq çox çətindir. Lakin çalışdırıcının qarşısına müsbət dinamikalı oyun göstərmək məqsədi qoyulub. O məqsəd yerinə yetirildikdə və ya yetirilmədikdə İcraiyyə Komitəsində baxılır, qərarlar verilir.

- Elxan Məmmədovla görüşmüsünüz. Nə ilə bağlı idi?

- Elxan Məmmədovla yox, Asiya və Avropanın bir sıra ölkələrinin federasiyalarının rəsmiləri ilə görüşmüşük. Özbəkistan səfəri iki hissəyə bölünmüşdü. Birinci hissə bir neçə federasiya rəsmisinin ümumi görüşü və müzakirəsi idi, bir sözlə, fikir mübadiləsi oldu. Biz də təqdimatlar etdik. İkinci hissə isə türkdilli ölkələrin görüşü idi. O görüşdə baş katiblər iştirak edirdi. Burada FİFA, UEFA nümayəndələri də var idi. Əsas məqsəd türkdilli ölkələrin əməkdaşlığı ilə bağlı idi. Bir sıra yarışların, turnirlərin keçirilməsi müzakirə olundu. Elxan Məmmədov ilə ayrıca görüşümüz olmadı.

- Dediniz ki, millinin məqsədi Avropa çempionatının final mərhələsinə çıxmaq deyil. Bəs, hansısa xal limiti qoyulubmu?

- Məşqçinin qarşısına xalla bağlı hədəf qoyulmayıb. Tutarlı, dinamik, yaxşı oyun olarsa, xallar da toplana bilər.

- Millidə dediyiniz dinamika var?

- Müəyyən bir vaxt oldu ki, o dinamikanı gördük. 5 oyundan 5 qələbə qazananda, bunu müşahidə etdik. Amma daha sonra nəticələr neqativ yöndə getdi. Çalışdırıcıdan hesabat təqdim olunur. Apreldə İcraiyyə Komitəsi iclas keçirdi, gələcək oyunlar müzakirə olundu. Bu tsklin sonunda yenə iclas olacaq. Həm 4 oyunun nəticəsi, həm də ümumi müzakirələr olacaq.

- Millidə olan hər kəs bilir ki, sabah məğlub olsalar, Vətənə biabırçı vəziyyətdə qayıdacaqlar. Estoniyadan sonra qrupda sonuncu olsaq, bu məşqçini növbəti oyuna çıxarmağa dəyərmi?

- Hazırda ən yaxşı heyətlərdən biridir. Bu il müsbət dinamikanın səbəbini yerli futbolçuların xaricə getməsində də görürük. 10 legionerimiz var. Heyətimiz çox yaxşıdır. Sabah qələbə üçün oynamalıyıq. Futbolçular da əlindən gələni edəcəklər ki, qələbə qazansın. Məncə, məğlub olmaq, heç-heçə etməyə haqqımız yoxdur. Meydana çıxıb, qələbə qazanmalıyıq. Düzdür, çətin qrupdur. Baş məşqçi ilə bağlı oyundan öncə nə isə demək düzgün deyil. Nəticəyə görə hesabat dinlənilir və qərarlar verilir. 3 oyun qalıb və çətin rəqiblərə qarşıdır. Müvəqqəti baş məşqçi də istəmirik.

- AFFA rəhbərliyi sabahkı oyunda iştirak etməyəcək. Buna səbəb nədir?

- Rövnəq Abdullayevin bu səfərə gəlməsi nəzərdə tutulmuşdu. Son iki gün ərzində ləğv olundu. Rövnəq Abdullayev həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin muavinidir. Sırf qrafik sıxlığına görə gələ bilməyəcək. Amma bu gün komanda ilə görüşümüz oldu. Rövnəq Abdullayev telefon vasitəsilə komanda ilə danışdı, müəyyən müzakirələr olundu. Sırf mükafat mövzusu deyildi. Komandaya dəstəyini bildirdi. Elxan Məmmədovun da bu oyunda iştirakı gözlənilmir.

- Demək olarmı ki, AFFA rəhbərliyi üçün millinin taleyi maraqlı deyil?

- AFFA rəhbərliyi komanda ilə danışıqlar aparır. Mən elə deməzdim. Səfər planlaşdırılırdı, lakin son anda təxirə düşdü. Rövnəq Abdullayev birmənalı şəkildə komandanın taleyini maraqlanır.

- Sanki AFFA-da AFFA-ya qarşı müxalifət yaranıb...

- Məncə, elə deyil.

- Özbəkistanda Elxan Məmmədovla heç bir söhbətiniz olmursa, bunun başqa adı yoxdur..

- Orda hər federasiyanın sferasına görə işi var. O ərəfədə digər mövzuları müzakirə etmək olmurdu. Mən heç bir təcrübə ilə bağlı Elxan Məmmədova sual vermədim.

- Gəncə şəhər stadionu ilə bağlı nə deyə bilərsiniz?

- Yaxın günlərdə təmirə başlanılacaq. Bu işə Gənclər və İdman Nazirliyi baxır.(matc.az)