Ömrünün 18 ilini “Qarabağ”a həsr edən Qara Qarayev bu gün əfsanəsi olduğu klubla sağollaşdı.

Ağdam komandası da 9 dəfə ölkə çempionluğu yaşadığı futbolçu ilə vidalaşdı. Lakin kapitan sarğısını taxmış Qaranı elə gündə yola saldılar ki, heç bir paylaşım etməsəydilər, bundan yaxşı idi.

Klassik “futbolçuya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!” sözlərini rəva görən “Qarabağ”ın Qaraya göstərmədiyi hörməti futbol camiəsi, azarkeşləri, illər boyu eyni meydanda top qovduğu komanda yoldaşları və digər oyunçular, ən önəmlisi günümüzdə klubun rəqibi sayılan “Neftçi” verdi. Görəsən, yaxın gələcəkdə Qara Qarayevin adı “köhlən atlar”ın əfsanələri ilə yanaşı çəkilməyəcəkmi? Çəkiləcək. Bəs “Qarabağ” niyə Azərbaycanın ən sayğı duyulan futbolçulardan birinə bu cür münasibət göstərsin? Heç klub özü də bilmir və bu məsələ ilə maraqlanmadıqları göz qabağındadır.

Bu gün Azərbaycan millisinin şərəfini qorumuş yarımmüdafiəçi ilə bağlı yeganə xoş xəbər “Neftçi”nin onu qollarını açaraq qarşılamağı oldu. O Qara ki, karyerasını "Qarabağ"da başa vurmaq, gələcəkdə klubun məşqçi heyətində yer almaq istədiyini söyləmişdi. O Qara ki, “Qarabağ” layiq olmadığı formada yola saldı, iki cümləni münasib gördü. 

Qara koridorlarda yola salınan Qara isə bəlkə bundan sonra futbolçu karyerasının tunelinin sonuna çatanda ağ işıq görər...

 

Günay Xəlil