Bildiyiniz kimi, Azərbaycan millisi 3 gündən sonra Avro-2024-ün seçmə mərhələsində mübarizəyə başlayacaq.
Baş məşqçi Canni de Byazi günlər öncə yığmanın heyətini də açıqlayıb. 66 yaşlı italiyalı, Şahruddin Məhəmmədəliyevin yoxluğunda (oxu: zədə səbəbilə "27-liy"ə salınmayıb) 3 qolkiperə dəvət göndərib. Onlardan ikisi - Səlahət Ağayevlə Emil Balayev millidə çıxış edibsə, gənc Yusif İmanov ilk dəfə əsas yığmaya çağırılıb. Onsuz, De Byazi 2 həftə əvvəl "İctimai" TV-yə müsahibəsində Yusifin yığmaya dəvət olunacağını bildirmişdi. Bu mənada, apeninli, sözünü tutmuş olub.
Bu gün əsas müzakirə mövzularından, sual doğuran məsələlərdən biri də ilk olaraq Avstriya ilə martın 24-də keçiriləcək oyunda "çərçivə"ni kimin qoruyub-qorumayacağıdır.
Gəlin, əvvəlcə hər üç "əlcək sahibi"nin cari mövsümdəki statistikasına nəzər salaq:
Yusif İmanov ("Sabah", 20 yaş) - 27 matçda meydana çıxıb, 2430 dəqiqə çıxış edib, qapısında 18 top görüb.
Səlahət Ağayev ("Qəbələ", 32 yaş) - 26 oyunda iş başında olub, 2340 dəqiqə mübarizə aparıb, 31 dəfə məyus olub.
Emil Balayev ("Səbail", 28 yaş) - 24 qarşılaşmada "çərçivə"ni qoruyub, 2072 dəqiqə meydanda olub, 34 qol buraxıb.
Gördüyünüz kimi, ən yaxşı nəticə "bayquşlar"ın gənc qapıçısı Yusif İmanovun aktivindədir. Həm oyun sayı, meydanda həmkarlarından daha çox olması, həm də az qol buraxması İmanovu ön plana çəkir. Amma...
Yusif ilk dəfədir ki, əsas yığmaya dəvət alıb. A millinin heyətində beynəlxalq oyun təcrübəsinin olmaması çıxışına təsirsiz ötüşməyə bilməz. Düzdür, gənc qapıçı bu mövsüm əla təsir bağışlayır. Fəqət bir məqam da var ki, "Sabah"ın uğurlu çıxışı Yusifin üzərinə çox yük salmır. Ələlxüsus müdafiə xəttinin inamlı oyunu əksərən gənc "çərçivə qoruyucusu"nu çox əziyyətə salmır. Onun ayaqla oyunu, vaxtında qərar qəbul etmək bacarığı da sabiq yerli qapıçılar və mütəxəssislər tərəfindən bəyənilir. Bir sözlə, İmanov millidə debüt etməyə hazırdır. Lakin De Byazinin illərdir yığmaya dəvət alan, kifayət qədər beynəlxalq oyun təcrübəsi olan qapıçıları qoyub, başlanğıcdaca gənc "Sabah"lıya güvənməsi o qədər də inandırıcı görünmür.
Böyük ehtimalla, Avstriya ilə görüşdə qapını Səlahət Ağayev qoruyacaq. Amma bu, o anlama gəlmir ki, Yusif sonrakı matçlarda da ehtiyat oyunçular skamyasında oturacaq. Futbol fors-majorlarla dolu oyundur. Ola bilər ki, Yusif ilk matçda əvəzetmədən də "döyüşə atılsın".
Qapıda kim dayanacaq, De Byazi kimə güvənəcək - bunu oyuna dəqiqələr qalmış açıqlanacaq "11-lik"dəki adlara baxıb, görəcəyik...
Daşqın Əziz