Sosial şəbəkələrdən "Qarabağ" azarkeşi kimi tanıdığımız bloger Nuray Muxtarovanın Offsideplus.az-a müsahibəsi...
- Nuray xanım, nə vaxtdan "Qarabağ"a azarkeşlik edirsiniz?
- 2009-cu ildən futbola baxıram. Bundan sonra da "Qarabağ"a sevgim yarandı.
- Sizdə futbola bu qədər sevginin olmasının səbəbi nədir?
- Kiçik yaşlarımdam futbolu sevirəm. Düzdür, digər idman növlərinə də marağım var, amma futbol mənim üçün tam başqadır.
- "Qarabağ"ın avrokuboklardakı oyunları zamanı sizi stadionda görmüşük. Bəs ölkə çempionatının oyunlarında komandanızı dəstəkləməyə gedirsiniz?
- Çalışıram ki, tək avrokubok oyunlarına yox, yerli çempionat matçlarına da gedim. Hər zaman sevimli komandamın yanında olmaq istəyirəm. Bundan sonra da tez-tez ölkə çempionatının görüşlərinə gedəcəm.
- "Qarabağ" Avropa Liqasının 6-cı turunda "Frayburq"la heç-heçə etdi və Konfrans Liqasına vəsiqə qazandı. Sizcə, bu matçda komandamızda nə çatmadı?
- Komandamız bu matçda əlindən gələni etdi. Hakim səhvləri, verilməyən penalti oyunun taleyinə təsir etdi. İndi gələcəyə baxmaq lazımdır. Doğma klubuma Konfrans Liqasında uğurlar arzulayıram.
- "Qarabağ"ın heyətində bəyəndiyiniz futbolçu var?
- Komandanın heyətində bütün futbolçuları bəyənirəm. Amma Qara Qarayevə daha çox simpatiyam var. Bu oyunçunu xarizmatik hesab edirəm.
- Futbolçu dostlarınız var?
- Bəli, Ovusu Kvabena ilə dostluq edirəm.
- Müsahibənizin əvvəlində dediniz ki, 2009-cu ildən futbolla maraqlanırsınız. Bəs hansısa xarici milli komandaya və kluba azarkeşlik edirsiniz?
- Xeyr, heç bir milli komandanı dəstəkləmirəm. Avropadan "Barselona" və "Fənərbağça"ya azarkeşlik edirəm.
- Xarici futbolçulardan xarizmatik hesab etdiyiniz futbolçu var?
- Lionel Messi mənim üçün nömrə birdir. "Fənərbağça"dan isə Arda Güler və "Başakşəhər"dən Məsut Özili çox bəyənirəm. Arda gənc olsa da, çox perspektivli oyunçudur.
Cavid Əliyev