Müəyyən fasilədən sonra estafet yenidən milli komandalara keçir.

 2 gün sonra UEFA Millətlər Liqasının oyunları qaldığı yerdən davam edəcək. Artıq qarşıdakı matçlar üçün Azərbaycan millisinə dəvət edilən futbolçuların siyahısı açıqlanıb. Lakin baş məşqçi Canni de Byazinin (!) "əl işi" olan "26-lıq"da millinin və "Qarabağ"ın əsas oyunçularından biri Qara Qarayevin adı yoxdur. Son iki gündə ölkə futbol ictimaiyyətində əsas müzakirə mövzusu budur. 29 yaşlı yarımmüdafiəçinin dəstədən kənarda qalması skandala səbəb olub.

Hər iki səbəbkar məsələ haqda açıqlamasıyla diqqət çəkib. Qara milliyə dəvət almadığı üçün məyus olduğunu, lakin De Byazinin qərarına hörmətlə yanaşdığını bildirib. 66 yaşlı apeninli isə bunun səbəbini Qarayevin özündən soruşmağın düzgün olduğunu dilə gətirib. Yəni, mövzudan yayınıb.

Yerli mətbuatda isə bununla bağlı müxtəlif fikirlər səsləndirilir, təhlillər yazılır - bir sözlə, səbəblər araşdırılır. Məsələn, "Futbolpress.az" saytının iddiasına görə, komandanın Millətlər Liqasında iyun ayında keçirdiyi oyunlar zamanı yığmanın düşərgəsində Qarayevlə De Byazi arasında narazılıq yaranıb. Qara az oynamasına etiraz edib. Belarusla səfər, Slovakiyaya qarşı ev oyunlarında cəmi 50 dəqiqə meydanda olan yarımmüdafiəçi az oynaması ilə bağlı italyan mütəxəssisə kəskin narazılığını bildirib. Məhz bu səbəbdən də futbolçunun adına iki gün əvvəl açıqlanan siyahıda rast gəlməmişik.

***

Nə isə, Qaranın çağırılıb-çağırılmaması haqda uzun-uzadı danışmaq istəmirəm. Sözümün canı başqadır. Daha doğrusu, hamıya bəlli olan mövcud durum. İstər Qaralı, istərsə də Qarasız - bu millidən ciddi uğur gözləməyə dəyməz.

Bu barədə dəfələrlə yazılıb, tənqidi fikirlər səsləndirilib. Düzgün idarəetmə, komanda ruhu, döyüşkənlik, xarakter - bunların hamısının cəmləşdiyi bir milli olmadıqca, oturub nəyəsə ümid etmək sadəlövhlük olar.

Təəssüf ki, millinin mövcudluğunun bir isbatı var - o da formallıq. Azərbaycanın futbol üzrə yığma komandası bu gün formallıq üçün var. Ölkəni beynəlxalq yarışlara təmsil edir. Amma necə edir, bu, hamıya məlumdur.

İndidən bədbin danışmaq bəlkə də yersizdir, amma Azərbaycan millisinin oyunlarına proqnoz verməkçün ekstrasens olmağa gərək yoxdur.

Xülasə, 2 gündən sonra yığmanı Slovakiya seçməsi ilə çətin oyun gözləyir. Yenə də uğurlar arzu edirik!

Daşqın Əziz