Mahir Emreli "Legiya"da "qırmızı xətt"ə yaxınlaşıb.
24 yaşlı hücumçu "hədəf"ə doğru istəməyərəkdən gedir və ya bunu "Legiya" özü edir. Klubun cari durumu - olmayan disiplin və oyun tərzi bunu deməyə əsas verir. Varşava təmsilçisi dərənin dibinə yuvarlanıb. Artıq 18 tur geridə qalıb və Emrelinin komandası Ekstraklasada eyni sayda kollektiv arasında 15 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Bərbad nəticədir. Halbuki mövsümün əvvəlində hər kəs "Legiya"nın ilk "3-lük"də qərarlaşacağını proqnozlaşdırırdı. Mahir də "ayağını açmışdı". Demək olar ki, hər oyunda qol vurur, məhsuldar ötürmələr edirdi. "Legiya"nın əsas simasına çevrilmişdi. Oyunlardan öncə hazırlanan afişalarda ancaq onun şəkli yer alırdı. Varşava bir yana, Mahirin rəsmi üzərində həkk olunan böyük poster Avropa Liqasının qrup mərhələsində səfərdə "Spartak"la keçiriləcək görüşdən əvvəl Moskva küçələrini də bəzəmişdi. Bir sözlə, hər şey qaydasında idi. Ancaq payızda klubu böyük böhran cənginə aldı. Əvvəlcə sabiq baş məşqçi Çeslav Mixneviçin Emreli ilə çəkişmələri başladı. Komandanın ən yaxşı hücumçusunu gözümçıxdıya saldı. Bir-iki dəfə əsas heyətə daxil salmadı. Bu da "Legiya"lı azarkeşləri hiddətləndirdi.
Bundan dərs çıxaran Mixneviç Mahirin adını yenidən əvvəlki kimi matçların start heyətinə daxil etdi. Amma o deyildi. Emreli də əvvəlki uğurlu qrafikindən kənara çıxmışdı, alınmırdı. Baş məşqçi göndərildi. Amma problem bu da deyildi. Komanda əməlli-başlı çökmüşdü. Ümumiyyətlə, 90 dəqiqə "Legiya"nın oyununu izləyəndə bu qənaətə gəlirsən ki, Varşava klubunda sadəcə elə "futbol komandası" anlayışı qalıb. Müdafiə, yarımmüdafiə xətti bərbad, top təminatı yox, cinahlardan düzəməlli ötürmələr edilmir, "xəsislik" və s. Emreli ara-sıra "Qarabağ"da olduğu kimi fərdi keyfiyyətlərini işə salır, potensialını ortaya qoyaraq nəsə etməyə çalışır. Bu gün də eyni durumdur. Hətta vəziyyət o yerə gəlib çatdı ki, azarkeşlər 17-ci tur çərçivəsində səfərdə Plotsk "Visla"sıyla keçirilən görüşdən (1:0) sonra komandanın avtobusuna hücum çəkdilər. Xəsarət alan futbolçular arasında Mahir də oldu. Xeyr, bu, millimizin üzvünün şəxsinə yönələn hücum deyildi. Fanatlar bu iyrənc mənzərədən bezərək acıqlarını çıxmaq üçün sevimli komandalarını daşqalaq etdilər.
Beləliklə, Mahir üçün də artıq "Legiya"da xoş keçmir. Hətta komandadan gedəcəyi ilə bağlı xəbərlər dolaşır. Dünən Macarıstan mətbuatında bir məlumat da yayıldı. Ki, adıçəkilən ölkənin "Fehervar" klubu Emrelini rənglərinə bağlamaq niyyətindədir. Həmyerlimiz üçün 2 milyon avro təklif edirlər. Hər halda Mahirin ölkəyə dönməsini istəməzdik. Qayıtsa, təbii ki, yenidən "Qarabağ"da, alınmasa "Neftçi" və ya "Sabah"da top qova biləcək. Necə deyərlər, onu "göydə götürəcəklər". Amma dilərdik ki, Emreli Avropada qalsın. Macarıstan çempionatı Polşa Ekstraksasasından bir baş zəif olsa da, yenə də iş olacağına varsın.
Sözümün canı budur ki, Mahiri Polşa çempionatında mübazirə aparan və "Legiya"dan yaxşı durumda olan "Visla"(Plotsk) transfer etsə, əla olar. Emreli "Legiya" kimi bu komandanın da hücum xəttinə canlanma gətirər. Və daha maraqlısı, millimizin digər üzvü Anton Krivotsyukla çiyin-çiynə mübarizə aparmaq şansı qazanar. Bu, ilk belə hal olmayacaq. Çünki indiyədək Avropada Azərbaycan millisinin iki üzvü eyni klubda yer alıb. Söhbət Emin Mahmudovla Kamran Ağayevdən (Portuqaliyanın "Boavişta" klubu - D.Ə.) gedir.
Nə isə, "Visla" rəhbərliyi bu yöndə indidən qollarını çırmalasa, heç də pis olmaz. Krivotsyukun özünün də bu işdə rolu ola bilər. Çünki futbolda belə məqamlara heç də az rast gəlinmir...
Daşqın Əziz