Azərbaycanlı futbolçuların beynəlxalq arenalarda parlaya bilməməsinin və ən əsası, uğurlu legioner həyatı yaşaya bilməməsinin səbəbi kimi ölkədə uşaq futbolunun arzulanan səviyyədə olmaması ilə əlaqələndirənlərin fikrini alqışlayanlardan olmuşam.

Uşaq futbolu yoxdursa, Mahir Emreli necə yetişdi?

Lakin bu alqışın səsini Mahir Emrelinin “Legiya”da uğurlu başlanğıcı sayəsində polşalı azarkeşlərin alqışı batırdı. Anladıq ki, kiminsə irəli getməməsinin başlıca səbəbi uşaq futbolundakı nöqsan və problemlər deyil. İstəyəndə hədəfə çatmaq olur.

Mahir nə Emin Mahmudovla Ramil Şeydayev kimi Rusiya futbolunun yetirməsidir, nə də Rüfət və Renat Dadaşovlar kimi Almaniyada yetişib. Karyerası A-dan Z-yə qədər Azərbaycana bağlıdır. Ayağı ilk dəfə topla Zaqatalada “tanış olub”, futbola sevgisi burda yaranıb, daha sonra “Bakı”da futbolun sirlərinə yiyələnib və məlum “Qarabağ” karyerası.

Azərbaycanda uşaq futbolunun yox dərəcəsində olduğunu deyənlərə bundan sonra verə biləcəyim sual var: bəs Mahir Emreli necə yetişdi, niyə yetişdi? Əlbəttə, fikri müxtəlif ehtimallarla əsaslandırmaq mümkündür.4a67cfb7 56e9 40e9 bf8e 6e057de9455a

Elnurə Emreli: “Ən çox həmin dönəmdən qorxurdum”

Futbolçunun şəxsiyyət kimi formalaşmasında və sevdiyi yolu seçməsində ailənin, belə deyək, valideynlərin rolu danılmazdır. Ata-ana övladına düzgün tərbiyə və dəstək verəndə uşaq özünü rahat hiss edərək önündə gördüyü cığırla addımlayır.

Mahirin futbolçu olmasında anası Elnurə xanım xüsusi pay sahibidir. Bəzi valideynlərdən fərqli, “millət vəkili və ya polis olmalısan” demədən övladının futbolçu olmasını istəyib və bunun üçün əlindən gələni edib. Yaxşısı, öz dilindən dinləyək: “Mahirin futbola gəlişi çox-çox əvvələ, 5-6 yaşlarına təsadüf edir. O vaxt yay aylarında Zaqatalaya gedirdik. Rayonlarda futbola hansı marağın olduğunu siz məndən yaxşı bilirsiniz. Mahirdən yaşca böyük qardaşım uşaqları futbola gedirdi, hətta sonradan “Simurq”un əvəzedicilərində oynadılar.

b0c8ea80 6ba1 449d b5e5 e9d3170b9f3d

Mahir ayağı ilk dəfə topa Şaban Şirdanovun yanında dəyib. Şaban müəllim qardaşım uşaqlarına məşq keçirdi, Mahir də balaca uşaq idi, qoşulub onlara gedirdi ki, məşqə baxsın. Dallarıyca ağlayırdı ki, məni də aparın. Mahirin ən böyük üstünlüyü futbola olan hədsiz həvəsiydi. Zaqatalada topla isinişməyə başladı, sonradan Bakıya gəlib “Vətən”də, “Xudafərin”də məşq etdi, davamı da məlumdur: “Bakı”, “Qarabağ”.

Uşağın həvəsi, istedadı, bacarığı – bunlar öz yerində. Əminliklə deyə bilərəm ki, uşağa valideyn dəstəyi lazımdır. Biz ona hədsiz dayaq olmuşuq, daim arxasında durmuşuq. Mahir futbol oynamaqla yanaşı, dərslərini də yaxşı oxuyurdu. Rejimini elə tənzimləmişdik ki, heç birində “axsamasın”. Məşqçiləri də 12-13 yaşına qədər “yaxşı futbolçu olacaq” deyirdilər. Bununla yanaşı, oğlan uşağında keçid dövrünün təhlükəli olduğunu vurğulayırdılar. Ən çox həmin dönəmdən qorxurdum. Şükürlər olsun, düzəni qoruyub-saxlamağı bacardı.

Bunun başlıca səbəblərindən biri də öz tərbiyəsi ilə yanaşı, daim nəzarətimiz altında olmasıydı. Təsəvvür edin, “Qarabağ”a transfer olunanda 18 yaşı vardı. Amma qardaşım onu düz 3 il məşqlərə özü aparıb-gətirirdi. Gözümüzdən uzaq düşməsini, Allah eləməsin, futboldan yayınmasını istəmirdik. Yenə deyirəm, uşağın istedadı və həvəsi ilə yanaşı, valideyn dəstəyi, məsləhəti və nəzarəti olduqca vacib amildir”.

a3101898 80d8 455e bb6a 710a69e265dd

Şaban Şirdanov: “Mənə xəbər çatdı ki, bəs, Mahir ev üçün darıxır deyə, ağlayır”

Söhbətdə Şaban Şirdanovun adı çəkilibsə, onun da mövqeyini dinləmək maraqlı olardı. Sən demə, Qurban Qurbanovun yetişməsində müstəsna xidmətləri olmuş təcrübəli mütəxəssis futbolu Mahiri də sevdirməyi bacarıb. Gələcəkdə “Legiya”nın formasını geyinəcək futbolçunun sol ayağının daha effektli olduğunu məhz Şaban müəllim kəşf edib. Şirdanov təxminən 17-18 il əvvəli belə xatırlayır: “Mahirin “Legiya”ya transferi və ilk təəssüratlar hər bir azərbaycanlını sevindirir. Polşa kimi futbol ölkəsində qısa müddətdə özünü göstərməyi bacarıbsa, bunu alqışlaya bilərik. İnşallah, uğurlarının davamını gətirməklə Azərbaycanı layiqincə təmsil edər.

O ki qaldı mövzu ilə bağlı sualınıza, Mahirlə yollarımız bir neçə kəsişib. 2000-ci illərin əvvəllərində Mahirin dayısı uşaqları rəhbərliyim altında məşq edirdilər. Mahir onda çox balaca idi, həm yaş, həm boy olaraq. O vaxt böyük futbolçu olacağına dair proqnoz vermək çətin idi. Zaqatalada Muğanlı dairəsinin yanında bir meydança var idi, toz-torpağın içində məşq edirdik. Mahir daşın üstündə oturub, maraq və həsrətlə məşqlərimizə baxırdı. Bəlkə də futbola sevgisi elə orda yarandı.

97ac4728 fb14 4672 a579 0db14b20460f copy

 

Bir gün anası Elnurə xanım yaxınlaşdı ki, Şaban müəllim, Mahir evə gəlib ağlayır, deyir, müəllim icazə versəydi, mən də topa zərbə vurardım, onlarla oynayardım. Mahirin futbolçu kimi yetişməsində xüsusi xidmətimin olduğunu deyə bilmərəm. Ola bilsin, futbola sevginin yaranmasında əməyim olub.

Mahirlə yolumuz uzun illərdən sonra, mən U-15 və U-16 millilərində köməkçi-məşqçi işləyəndə kəsişdi. O vaxt Mahir perspektivli sayılırdı, amma Elnur Cəfərovun gələcəyi daha parlaq görünürdü. Və bunu hamı deyirdi. Maraqlı epizod yadıma düşdü. Bir dəfə Avstriyada toplanışda idik. Mahir də evinə, anasına çox bağlı idi. Bir gün mənə xəbər çatdı ki, bəs, Mahir ev üçün darıxır deyə, kövrəlib, ağlayır. Getdim yanına, söhbət etdim, başa saldım. Deməyim odur ki, evinə və ailəsinə bağlı olan Mahir bu gün uzaq Polşada rahat şəkildə legioner həyatı yaşayır, özünü yaxşı tərəfdən göstərir.

Mahirin uşaq futbolundakı təməli yaxşı qoyulmuşdu. “Bakı”nın Futbol Akademiyasında yaxşı məşqçilərin əlinə düşdü və təbii ki, bacarığından düzgün yararlandı. Lakin ən həssas nöqtə kimi yaş dəyişən dönəmdə “Qarabağ”da olmasını qabartmalıyam. Qurban Qurbanovun ona atalıq, Rəşad Sadıqovun isə böyük qardaşlıq etməsi Mahirin inkişafında böyük rol oynadı. “Qarabağ” kimi güclü heyətə malik komandada baş çıxardı, zamanla əsas heyətdəki yerini təmin etdi və bununla da özünəinam qazandı.

14ecfa5b 4478 49cd 8389 c281f2609551

 

Çox xatirləri yada salmaq, çox danışmaq olar. Mövzu ilə qısaca onu deməliyəm ki, Mahirin futbola hədsiz bağlılığı, öz üzərində daim işləməsi və bacarıqlı məşqçilərin əlinə düşməsi bu səviyyəyə gəlib çatmasında böyük rol oynadı. Və təbii ki, anası Elnurə xanımın ona verdiyi təhsil və tərbiyə. İnanır və ümid edirəm ki, parlaq çıxışı ilə Azərbaycan futbolunda yeni səhifə açacaq”.

Mahir hansı keyfiyyətləri ilə seçilirmiş?

Emreli peşəkar futbolla “Bakı”nın Futbol Akademiyasında məşğul olmağa başlayıb. Oynadığı komandalarda onunla yanaşı, 10-larla istedadlı uşaqlar olub. Lakin aralarında yalnız Mahir sonradan parlamağı bacarıb. Əsas üstünlüyü sürəti və dəqiq zərbələri imiş.

Sual yaranır: Mahirdən də istedadlı futbolçular vardısa, niyə digərləri qədər onun qədər parlamağı bacarmadı? Mahirin hansı özəllikləri yüksək səviyyəyə çatmasına təkan verdi? Bir uşağın hədəfə çatması üçün hansı keyfiyyətlər vacibdir?

Mahirin “Bakı”nın U-10 komandasında ilk məşqçisi olmuş Nurəddin Məmmədovla söhbətdə bu və digər sualların cavabını tapmağa çalışdıq: “Mahirin futbolla tanışlığı bizdən əvvəl olub. “Bakı”ya gələndə 10 yaşı var idi və burda ilk məşqçisi mən olmuşam. 4 il rəhbərliyim altında çıxış etdi. Gizlətmirəm, o vaxt komandada Mahir qədər, bəlkə də Mahirdən daha istedadlı uşaqlar vardı. Təyyar Məmmədov, Yusif Hakimov, Rəşad Əliyev və indi adları yadıma düşməyən digərlərinin adlarını çəkə bilərəm. Mahirin ən böyük üstünlüyü sürəti idi ki, bu keyfiyyətindən maksimum yararlanıb irəli getdi. Xarakterini də qeyd etməliyəm. Futbola hədsiz həvəsliydi, öz üzərində işləyirdi. Bir də baxırdın, məşqdən sonra qalıb cərimə zərbələri üzərində işləyir.

6524476e a40d 47a5 8ece f73f060b74e1

Digər uşaqlarda ya xarakter çatmadı, ya şanssızlıq oldu. Yadımdadı, onu məşqlərə nənəsi Mahirə xanım gətirib-aparırdı. Ailə tərbiyəsi dərhal hiss olunurdu. Bəziləri fikirləşə bilər ki, atasının prodüser olmasına görə irəli getdi. Vallah, belə deyil. Valideynlərin kimliyi mənim üçün heç vaxt önəmlı olmayıb. Mənə lazım olan uşağın fərdi keyfiyyətləri idi. Bir dəfə də olsun, atası, ya anası gəlib mənə bir söz deməyib. Uşağın “qabında” var idi. Sizi inandırım, o qədər istəkli idi ki... Məşqlərdə, oyunlarda qol vurmaq, ötürmə vermək üçün alışıb-yanırdı.

Futbolçunun yetişməsi üçün ən vacib şeylər özünün istəyi, istedadı və tərbiyəsidir. Sonrakı mərhələdə isə yaxşı məşqçi(lər)in əlinə düşməsi. Tərifləmək olmasın, Mahir həmişə yaxşı məşqçilərin əlinə düşüb. Evdəki valideynləri ata-anası idisə, futboldakı valideynləri biz olmuşuq”.

Məşqçisinə rus dilini öyrədib

Emrelinin yetişməsində pay sahibi olanlardan biri də Kamen Vasilyevdir. Solaxay futbolçu yeniyetməlikdən gəncliyə keçən dövrdə “Bakı”da məhz bolqar mütəxəssisin rəhbərliyi altında top qovub.

Vasilyevin dediyinə görə, Mahiri həmyaşıdlarından fərqləndirən fiziki hazırlığı və yaşını aşan düşüncə qabiliyyəti imiş. Səbəbkar hətta Vasilyevə Azərbaycanda rus dilini öyrədən şəxs olub. Təcrübəli mütəxəssis ötən illəri bu cür yada saldı: “Mən 2009-cu ildə “Bakı”da işə başlayanda Mahir klubda idi. İstedadlı oğlan idi, hiss olunurdu ki, ondan yaxşı futbolçu olacaq. Diqqətimi çəkən əsas xüsusiyyəti düşüncə baxımından həmyaşıdlarından fərqlənməsiydi. Ona görə də həmişə özündən 1 yaş böyüklərin komandasında oynayırdı. 1997 təvəllüd idi, “96-lar”da çıxış edirdi.

181b35e0 4092 484c 83a6 1c9aece1fba7

Komandada ən sürətli futbolçu idi. Ona çatmaq olmurdu (gülür). Xatırlayıram, Mahirgilin yaş qrupunda ən yaxşı futbolçular bizdə idi. 13-14 oyunçumuz milliyə dəvət alırdı, daim çempion olurduq. Amma sizə deyim ki, talantı yüksək olan futbolçuların sayı çox idi. Çoxu futbolu erkən buraxdı, bir neçəsi finişə çata bilmədi.

Mən Mahirgilin qonşuluğunda yaşayırdım. Azərbaycana yeni gəlmişdim, düzü, rus dilini bilmirdim. Mənə rus dilini Mahir öyrətdi. Yaşı az idi, amma danışığı, davranışı ilə özünü sevdirirdi. Desəm ki, gələcəkdə adından söz etdirəcək futbolçu kimi yalnız Mahiri görürdüm, yalan danışmış olaram. Ülvi Süleymanov, Valeh Seyidov, Yusif və Ömər qardaşları – bu uşaqlardan da çox şey gözləyirdim.

Sadəcə, Mahirdə futbola hədsiz sevgi var idi. Məncə, bu ona üstünlük qazandırdı, yaxşı futbolçu olmaq üçün çox çalışdı. Futbolçu üçün uşaq yaşlarında ən önəmli xüsusiyyət xarakter, fiziki hazırlıq və tərbiyədir. Bunların 3-ü bir-birini tamamyalanda, nəticə öz-özünə gəlir. Mahir öz gücünə inandı, çalışdı və bu gün bəhrəsini görməkdədir. Ona “Legiya”da və gələcək karyerasında uğurlar arzulayıram”.

ad178a99 d967 4965 9428 d71c5e81ece9

Son söz əvəzi...

Göründüyü kimi, Mahirə futbolun sirlərini öyrədən mütəxəssislərin hər biri onun futbol sevgisini, xarakterini və ailə tərbiyəsini ön plana çəkir. Təbii ki, istedad da önəmlidir. Amma Messinin keyfiyyətlərinə sahib olmadan da Azərbaycandan Avropaya yollanıb, adından söz etdirmək mümkündür. Ona görə də “ölkədə uşaq futbolunun durumu bərbaddır” deyib keçməyək. İstəyəndə hədəfə çatmaq olurmuş. İstəsəniz, Mahirin bacardığından daha artığını edib, daha məşhur olarsınız...

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

1626442780 1625744715 1625297110 media agentlik