Cari mövsümdə təkcə Premyer Liqadakı komandalar arasında yox, ən məhsuldar oyunçular arasında da gərgin mübarizə izləməkdəyik.
Hesabında 18 qol olan Namiq Ələsgərovla 16 qolun müəllifi olmağı bacaran Mahir Emreli hər nə qədər bombardirlikdə gözlərinin olmadığını desələr də, arzuları gün kimi ayındır. Hansı hücumçu, hücumameyilli futbolçu bombardir olmaq istəməz?!
Premyer Liqanın başa çatmasına cəmi 3 tur qalıb. Yığma üzlərinin qol fərqi arasındakı say isə 2-dir. Yəni, fərq azdır deyə, qarşıdakı 2 həftə ərzində nələrin yaşanacağını demək çətindir.
İndiki halda statistik göstəricilər üstündə qısa “gəzinti” etməklə, bu iki futbolçunun 25 turda nə ilə yadda qaldığına nəzər yetirə, bombardirlik yarışındakı şanslarını dəyərləndirə bilərik.
Namiq Ələsgərov – 18 qolda 6 dubl
25 oyunun 23-də meydanda olub ki, mümkün 2070 dəqiqədən 1979-da top dalınca qaçıb. Karyerasında rəsmi oyunlarda ilk dəfə het-trik müəllifi olmaq arzusu həyata keçməsə də, 6 görüşdən dublla ayrılmağı bacarıb. “Sabah”la 4 oyunun hamısında fərqləndiyi halda, bu duellərdən 2-də dubl müəllifi olub. Bu günə qədər vurduğu 18 qoldan 5-ni penalti zərbəsindən sonra rəqib qapılarına göndərib.
“7 nömrə” çempionatdakı bütün komandaların qapısına yol tapmağı bacarıb. Bir tək “Sumqayıt”dan başqa. Ələsgərov üçün uğurlu olan və qapısına yol tapmaqda çətinlik çəkən komandalara nəzər yetirək;
Sabah – 6 qol (2 dəfə dubl edib)
Qarabağ – 3 (1 dəfə dubl edib)
Keşlə - 3 (1 dəfə dubl edib)
Səbail – 3 (1 dəfə dubl edib)
Zirə - 2 (1 dəfə dubl edib)
Qəbələ - 1
Mahir Emreli – Penaltisiz 16 qol
Zədələr mütəmadi oynamasına imkan vermədi. Ona görə də 25 qarşılaşmanın cəmi 19-da meydanda olmaq şansı qazandı. 19 görüşdə mümkün 1710 dəqiqənin 1425-də mübarizə aparıb. Cari mövsümün ilk pokerinə imza atmasına “Qəbələ”ylə oyunda penaltini boşa verməsi mane olsa da, elə həmin qarşılaşmada het-trik müəllifi oldu. Het-trikdən əlavə, daha 3 oyunda dublla yadda qalıb. Mahir Premyer Liqada çıxış edən komandaların hamısının qapısına yol tapmağa müvəffəq olub. Və ən maraqlısı, vurduğu 16 qolun heç birində “penalti imzası” yoxdur. Qeyd etdiyimiz kimi, “Qəbələ”ylə görüşdə topun başına keçdi, onda da alınmadı.
Emrelinin hansı komandaların qapısına neçə top vurduğuna nəzər yetirək;
Qəbələ - 4 qol (1 dəfə het-trik edib)
Sabah – 4 (1 dəfə dubl edib)
Keşlə - 2 (dubl edib)
Səbail – 2 (dubl edib)
Neftçi – 2
Sumqayıt – 1
Zirə - 1
Namiqin qol vura bilmədiyi komanda
İndi sual doğuran əsas sual bu iki qolçunun sonuncu 3 turda nə ilə yadda qalacağıdır. “Neftçi” “Səbail” və “Sumqayıt” səfərlərinə yollanıb, sonuncu turda “Dalğa Arena”da “Qarabağ”ı qəbul edəcək. Namiq “Səbail”lə “Qarabağ”ın hərəsinə 3 top vurduğu halda, sumqayıtlılarla matçların heç birində rəqib qapısına yol tapa bilməyib.
“Qarabağ”a gəlincə, ağdamlılar “Sabah”la səfərdə oynayıb, “Keşlə”ni qəbul edəcək və sonuncu turda “Neftçi”ylə duelə yollanacaq. Mahirin bu rəqiblərlə görüşlərdə qol statistikası uğurlu görünür. “Sabah”a 4 qol vurub, “Keşlə”ylə “Neftçi”nin hərəsinə 2 top.
Bu, sadəcə bir araşdırma, statistik göstəriciləri göz gəzdirmək idi. Son 3 turda kimin neçə qol vuracağını, kimin bombardir olacağını zaman göstərəcək. Təki çox qol vurub, uzun illərdən sonra 20 qol həddini aşan azərbaycanlı futbolçu olmağı bacarsınlar. Uğur olsun!
HƏBİB