"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane Afrika Millətlər Kubokunun seçmə mərhələsində Mali və Namibiya yığma komandalarına qarşı baş tutacaq oyunlar üçün Qvineya milli komandasına dəvət olunub.
Offsideplus.az-a eksklüziv müsahibəsində 24 yaşlı futbolçu bu mövsüm üçün hədəfləri və fevralın 26-da baş tutan "Zirə" - "Neftçi" oyununda Riçard Almeydanın onun butslarını bağlamağa yardım etdiyi andan söz açıb.
Müsahibəni təqdim edirik:
- İkinci dəfə milliyə dəvət almağın münasibətilə təbrik edirik. Evə qayıdaraq ölkəni təmsil etmək necə hissdir?
- Vətənimi təmsil etməkdən həmişə qürur duymuşam. Bu, uşaqlıq xəyalımdır, milli komandada oynamaq üçün ikinci fürsəti əldə etdiyimə görə çox xoşbəxtəm. İndi bunun gerçəkləşdiyi üçün məmnunam və buna görə Tanrıya şükür edirəm.
- Dəvət almaq mövsümün sənin üçün yaxşı keçdiyini göstərir. Avropa Liqasında oynamısan və komandan hazırda çempionata liderlik edir. İnkişafın barədə nə deyə bilərsən?
- Bəli, bu, yaxşı mövsüm və il keçirdiyimi göstərir. Bundan əlavə, inkişaf etdiyim üçün Tanrıya təşəkkür edirəm, futbol karyeramın gedişatından tamamilə məmnunam.
- Samir Abasovun rəhbərliyi altında fərqli mövqelərdə çıxış edirsən. Öyrəşmək çətin olur?
- Elə vaxtlar olur ki, komandada çətinliklər olur. Bu zaman peşəkar oyunçu kimi komanda yoldaşlarıma yardım etməli oluram. Məsələn, "Qarabağ"la oyunda futbolçumuz "qırmızı" aldı, məşqçi məndən onun mövqeyində oynamağımı istədi. Həmişə komanda haqqında düşünməliyəm, təkcə özüm haqqında yox.
- Samir Abasovun gəlişi "Neftçi"yə müəyyən müsbət təsirlər göstərdi. Onun digərlərindən fərqli yanı nədir?
- Məncə, çox ciddi baş məşqçidir və futbolçularının da meydanda ciddi olmasını tələb edir. Əsl rəisdir və məşq zamanı heç vaxt gülmür. Meydandan kənar futbolçularla gülüb-danışır, amma çalışanda bütün ciddiyyətini işə qoyur.
- "Neftçi" fasiləyə lider olaraq yollanır. Fasilədən sonra hamınız eyni qələbə ruhu ilə qayıda biləsiniz deyə, komanda yoldaşlarına nə demək istəyərdin?
- Həmişə komanda yoldaşlarıma xatırladıram ki, "Neftçi" uzun müddətdir ki, çempionluq qazanmır və indi qazanmaq üçün ən yaxşı vaxtdır. Məşqdə, soyunma otağında, oyunlardan sonra - hər yerdə bu barədə danışırıq. Diqqətimizi toplayıb, hər matçı final kimi qəbul etməliyik. Bəzilərimiz milli üçün gedirik, amma hər kəsə biraz dincəlməyi və daha çox məşq etməyi tövsiyə edirəm ki, qələbə ruhu ilə geri dönək. Hədəfimiz dəyişməyib və hamı mövsümün sonunda bizim çempion olmağımızı gözləyir.
- Keysuke Honda bir neçə gün öncə "Neftçi"yə qatıldı. O məşhur və peşəkardır, komandaya necə kömək edəcəyini düşünürsən?
- Məncə, Azərbaycan, eləcə də "Neftçi"nin oyunçuları onu çox yaxşı qarşıladı. Onun komandaya çox şey qatacağını düşünürəm. Fərqli liqalarda və ölkələrdə çıxış etmiş biri kimi "Neftçi"yə verəcəkləri çoxdur. Bu səbəbdən inanıram ki, o həqiqətən komandaya kömək edəcək.
- Sənin və Riçard Almeydanın gündəm olan bir şəkli var: Almeyda sənin butslarının iplərini bağlayır. O an əslində nə baş verdi?
- Həmin oyun zamanı hava çox soyuq idi, qar yağırdı. Ayaqqabı bağcıqlarım açılmışdı, mən isə bir şey edə bilmirdim, çünki barmaqlarım donmuşdu. Riçard yanıma gəldi və dedi: "Ah Kane, iplər açılıb". Dedim ki, bilirəm, amma bağlamaq üçün barmaqlarım donub. Bundan sonra o, butslarımın iplərini bağlamağa kömək etdi. Oyundan sonra onu səslədim və təşəkkür etdim. Çünki bu, onun kimi böyük futbolçu üçün çox anlamlı bir jest idi.
Sonra şəklin viral olduğunu gördüm. Futbol bunlara qadirdir...
- Bu mövsüm ən böyük uğurunuz nə olacaq.
- Çempion olmaq. Şəxsən mən, komandamın bu mövsüm liqada çempion olmağını istəyirəm.