“Qarabağ”mı “gözə gəldi”, Tanrımı Qurban Qurbanovu sınağa çəkir, Rəşad Sadıqovun komandada yoxluğunun təsiridirmi, yoxsa olmalı olandır olur, bilmirəm - hər nədirsə, bu işlərin sonu heç də yaxşı görünmür.

Avroliqanın qrup mərhələsində toplanan 1 xalı, ağdamlıların cari mövsümdə əzəli rəqibi “Neftçi”yə 3 oyunun 2-də məğlub olmasını, komandanın ənənəvi oyun üslubundan çox-çox uzaq düşməsini nəsildəyişmə prosesinin “belinə yükləməklə” yuxarıdakı sualın çəkisini müəyyən mənada yüngülləşdirmək olar. Bəs alıb gedən intizamsızlıq?

Lakin bu gün Kevin Medinanın növbəti dəfə lazımsız hərəkətə görə İntizam Komitəsi tərəfindən cəzalandığını görəndə, növbəti sualla baş-başa qaldım: “Qarabağ”da heç vaxt görmədiyimiz intizamsızlıq nədir belə?

Vild-Donald Geryenin hansı xarakterə sahib olduğunu az qala Azərbaycan bilirdi. Adamın insani keyfiyyətlərini tam bilmək üçün “instagram” hesabını izləmək kifayət idi. Lakin öncəki dönəmdə - 2017-19-cu illərdə “Qarabağ”ın formasını geyindiyi vaxtlarda göz görə-görə intizamsızlıq edə bilmirdi. Ayağını 1 metr kənara qoyanda, ağzından bir artıq söz çıxaranda boynunun arxasında sanki kiminsə barmaqlarını hiss edirdi.

Lakin “Qarabağ”a ikinci qayıdışından sonra xarakterindəki intizamsızlığı açıq-aşkar ortaya qoyurdu ki, mən buyam, beləyəm, belə də olmalıdır. Qış istirahətindən 15 gün gec qayıtmaqla heyətində Çempionlar Liqasının qrup mərhələsində oynadığı komandanı gülə-gülə, sevə-sevə tərk etdi.

İndi onun yerini Kevin Medina tutub. Okeanın o biri tayından olan daha bir qoluzorlu oğlan. Dekabrda tank kimi Klesio Baukun üstündən keçən kolumbiyalı buna görə 2 oyunluq cəza almışdı. Cəzanın “40-ı” təzə çıxmışdı və Medina bu dəfə derbidə Mamadu Kaneyə kəllə atmaqla “Qarabağ”da, həm də Qurban Qurbanovun rəhbərliyi altında oynadığının fərqində olmadığını göstərdi. Qurbanovun matçsonrası mətbuat konfransında “partlamasının” kökündə dayanan da futbolçusunun özünə və komanda yoldaşlarına göstərdiyi sayğısızlıq idi.

Bundan sonra necə olacaq, nələr dəyişəcək, nələr yenilənəcək, zamanın öhdəsinə buraxaq. Görünən və bilinən odur ki, bu gün “Qarabağ” təkcə azaldılmış büdcədən yox, həm də Rəşad Sadıqovun və ya onun kimi birinin yoxluğundan əziyyət çəkir. Bəlkə də baş məşqçinin yumruğunu masanın üstünə asta çırpmasının. Dünən Gerye, bu gün Medina, sabah bəlkə də Ovusu...

İndi Qurban Qurbanovu təkcə heyətin gücləndirilməsi və oyun keyfiyyətinin yaxşılaşdırılmasının vacibliyi yox, həm də “sağ əli”nin və ya yumruğun yoxluğu narahat edir. Ümid edək ki, hansısa yolla komandadakı intizamsızlığın qarşısı alınacaq. “İntizam olmayan yerdə nəticədən danışmaq yersizdir” – bu sözləri də Qurbanovun özü mətbuat konfranslarının birində demişdi...

HƏBİB