Misli Premyer Liqasının 4-cü turuna yekun vuruldu. Bu dəfə olduqca maraqlı, bol qollu futbol həftəsinə şahidlik etdik.
Autsayderlərin dramı
Tur Qəbələdə start götürdü. Kaxaber Sxadadzenin gedişindən sonra “Qəbələ”nin necə oynayacağı müəmma idi. Adətən, baş məşqçisini dəyişən komanda ilk matçda qələbə qazanır. “Qəbələ” də bu anlamda istisna olmadı. Tərəflər fasiləyə qarşılıqlı qollarla yollansalar da, Karim Rossi baxımlı qol və qoldan gözəl sevinci ilə komandasına 3 xal qazandırdı.
Gəncədə anşlaq
“Kəpəz” iki turdur ki, özündən söz etdirir. Komanda “Şamaxı”ya məğlub olsa da, stadiondakı ab-hava top liqaların qarşılaşmalarını xatırladırdı. Azər Bağırovun “Şamaxı”sı olduqca inamlı oynadı və favorit olmadığı oyunda qələbə qazandı. Maraqlıdır ki, ötən mövsüm də Bağırov “Kəpəz”in baş məşqçisi olarkən “Şamaxı”nı səfərdə 4:1 hesabı ilə məğlub etmişdi.
“Bayquşlar” “qartallar”ı zirvədən endirdi
Mərkəzi qarşılaşma Masazırda idi. “Sabah” “Zirə”ni qəbul etdi və ötən mövsümün dejavusunu yaşatdı - yenə də ilk 30 dəqiqədə 3 qol. Lakin bu dəfə ikinci hissənin əvvəlində də 2 qol vuran kollektiv 5:0 hesabı ilə qələbə qazandı. Rəşad Sadıqov isə əsas fərqin sadəcə bitiricilikdə olduğunu bildirdi. Əslində haqq vermək olar, komanda rəqibinə keyfiyyətdə uduzdu. Amma yaddaşlara nəticə həkk olunur: “Zirə” “Sabah”a 5:0 məğlub oldu…
“Şəfa” bu dəfə “Neftçi”yə uduzdu
“Neftçi” “Zirə” məğlubiyyətindən sonra toparlana bildi. “Ağ-qaralar” ilk hissədə dominant olsalar da, rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkirdilər. İkinci hissədə isə “Şəfa”da “keyfiyyət” özünü göstərdi. “Ağ-qaralar”ın yeni transferi Şkribel də özünü yaxşı tərəfdən göstərərək dubl etdi. Amma milli komandanın üzvü Rüfət Abbasovu vurğulamasaq, olmaz. Sözün əsl mənasında tam başqa səviyyə nümayiş etdirdi.
“Turan Tovuz”dan ağır qələbə
Ötən tur “Kəpəz”ə uduzandan sonra azarkeşlərin ciddi qınağına səbəb olan “Turan Tovuz”un “Sumqayıt”la qarşılaşmada da xal itirəcəyini gözləmək təəccüblü olmazdı. Lakin kollektiv bu qarşılaşmadan 3 xal qazanmağı bacardı. “Sumqayıt” isə ağır təqvimdən qurtuldu, bundan sonra yavaş-yavaş xal toplamağa başlayacaq. Komandanın ilk 4 turdakı rəqibləri “Neftçi”, “Sabah” (təxirə salınıb), “Qarabağ” və “Turan Tovuz” idi.
“Qarabağ” sürprizə imkan vermədi
Turun son qarşılaşması “Gənclik”də oldu. “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul etdi. Joni Montiel baxımlı qolla hesabı açdı, Renaldo Sefas zədədən dönən kimi məhsuldarlığını ortaya qoydu, Musa Qurbanlı da özünü yaxşı mənada göstərməyi bacardı. Bu qarşılaşma Ağadadaş Salyanski üçün unudulmaz olacaq. “Neftçi”yə məxsus gənc hücumçu “Qarabağ”a qol vurmağı bacardı. “Kəhər atlar” minimal hesablı qələbə qazansalar da, bu onlar üçün çətin olmadı.


