"Komanda demək olar ki, bütün qarşılaşmalarda yüksək tempdə futbol nümayiş etdirib. Hətta ilk oyunlarda məğlub olmasına baxmayaraq, cavab görüşlərində qalib gələrək növbəti mərhələlərə adlayıb".

Bu sözləri Tərlan Əhmədov "Sabah"ın çempionatda çıxışı ilə bağlı Offsideplus.az-a açıqlamasında bildirib.

"Sabah"ı Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi münasibətilə təbrik edirəm. Bu, böyük uğurdur. Qısa zamanda komandanın həm Azərbaycan çempionu, həm də Azərbaycan Kubokunun sahibi olması, demək olar ki, bütün oyunlarda qalib gələrək mərhələləri keçməsi və Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması böyük nailiyyətdir. Dövlətimiz, xalqımız və millətimiz adına böyük zəfərdir. Hər halda, bu, alqışa layiqdir. Bu münasibətlə komandanın rəhbərliyini və "Sabah" klubunun bütün əməkdaşlarını təbrik edirəm.

"O ki qaldı oyunlara, əlbəttə ki, "Sabah" üçün eyni vaxtda həm Azərbaycan çempionatı, həm Azərbaycan Kuboku, həm də Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparmaq – üç cəbhədə oynamaq çətin olacaq. Hər halda, komanda çalışacaq ki, Çempionlar Liqasında daha layiqli çıxış etsin və uğur qazansın. Lakin bir məqamı nəzərə almaq lazımdır: ötən il "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində uğurlu nəticələr göstərsə də, çempionatda gücü tükəndi. Komanda həm çempionluqdan, həm də kubokdan məhrum oldu. Keçən il "Qarabağ"ın liqa mərhələsindəki rəqibləri “Sabah”ın qarşılaşacağı klublar qədər nəhəng deyildi. "Sabah"ın rəqiblərinə baxanda "Barselona", "Arsenal", "Borussiya Dortmund", "Vilyarreal", "Napoli" kimi komandaları görürük. İstər-istəməz anlayırsan ki, komanda nə qədər iddialı olsa da, bu cür nəhəng klublarla mübarizə aparmaq gücündə deyil. Çünki onlar dunya futbolunun nəhəngləridir. Amma hər bir halda layiqli mübarizə aparmaq mümkündür, futbolda imkansız heç nə yoxdur. "Sabah"ın öz oyun dəst-xətti var, biz bunu çempionatda görmüşük. Komanda demək olar ki, bütün qarşılaşmalarda yüksək tempdə futbol nümayiş etdirib. Hətta ilk oyunlarda məğlub olmasına baxmayaraq, cavab görüşlərində qalib gələrək növbəti mərhələlərə adlayıb. Komandanın həm çempionatda, həm də kubokda göstərdiyi performans yüksək səviyyədədir. Düşünürəm ki, nə qədər çətin və ağır olsa da, komanda özünəlayiq oyun nümayiş etdirməyə çalışacaq".

"Deyək ki, ilk oyun "Mançester Yunayted"lədir. Komanda çempionatda "Zirə" ilə qarşılaşacaq və heyətdə dəyişikliklər edəcək. Demək olmaz ki, komanda əsas oyunçuları tamamilə meydançaya buraxmayacaq, lakin bütün heyəti oynadacağını da düşünmürəm. Çünki həmin vacib matçda daha rahat çıxış etmək üçün futbolçuların istirahətə ehtiyacı var. Məsafə də uzaqdır — buradan Mançesterə getmək üçün 5-6 saatlıq yol qət edəcəklər. “Sabah”ı ağır qrafik gözləyir. "Sabah"a uğurlar arzulayaq. Bizi layiqincə təmsil etsinlər, bir daha hamısını təbrik edirəm".