Bu gün Misli Premyer Liqasının 4-cü turu start götürür.
Açılış qarşılaşmasında xal üzünə həsrət, baş məşqçisiz “Qəbələ” ötən tur “Şəfa”nı məğlub edən “İmişli”ni qəbul edəcək. Adətən baş məşqçisi dəyişən komanda daha istəkli olur deyə qələbə qazanır. Amma Fərid Namazovun oyun planının qarşısında “Qəbələ” futbolçuları aciz qalsa, təəccüblənmərik.
“Kəpəz” “Şamaxı”nı qəbul edəcək. Artıq 10 mindən çox bilet satılıb. Favorit ev sahibləridir. Azər Bağırov keçmiş komandasına qarşı oynayacaq. Azərlərin dueli, Gəncə şəhər stadionunda növbəti oyun maraqla gözlənilir.
Mərkəzi qarşılaşma Masazırda baş tutacaq - “Sabah” “Zirə”ni qəbul edəcək. Hər iki komanda itkisiz irəliləsə də, “Zirə” bir oyun daha çox keçirdiyinə görə liderdir. “Sabah”ın 5 gün sonra Mançester səfərində oynayacağını nəzərə alsaq, bu qarşılaşmada rotasiyalı heyətlə meydana çıxacağı təxmin edilir.
Ötən tur “qartallar”a uduzan “Neftçi” debütant “Şəfa”nı sınağa çəkir. Möcüzə baş verməsə, “Neftçi” “Şəfa”nı məğlub edəcək. Bu baş verməsə, yəqin ki, “ağ-qaralar”da “qan qaralacaq”.
“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Ev sahibləri qələbə qazana bilməsə, Kurban Berdıyevin son oyunu ola bilər. “Sumqayıt”da qələbə üçün əlindən gələni edəcək. Yaxşı vəziyyətdə olmayan “Turan Tovuz”u məğlub etmək sumqayıtlılar üçün əsl fürsət olacaq.
Son qarşılaşmada “Qarabağ” “Araz-Naxçıvan”la oynayacaq. “Araz” üçün olduqca ağır sınaqdır. Çempionata köklənən “kəhər atlar” naxçıvanlıları darmadağın belə edə bilər, necə ki, ötən mövsüm edirdi. Cavid Hüseynov isə bu durumdan çıxış axtarışındadır.


