Azərbaycan millisinin sabiq basketbolçusu Zaur Paşayevin Offsideplus.az saytına müsahibəsi
- Bir neçə gün öncə karyeranızı bitirdiyinizi açıqladınız. Bu qərarı verməkdə əsas təsiredici faktor yaşdır, yoxsa başqa səbəblər də var?
- Qərar verməyimin əsas səbəbi yaşla bağlıdır. 43 yaşım var. Əslində, hələ də oynamaq istəyirəm, amma bu yaşda insan bir az utanır. Üstəlik, komandaya cavan oyunçular da gəlir. Hələ də oynaya bilərəm, 40 dəqiqə olmasa belə, 12-15 dəqiqə komandaya kömək edə bilərdim. Ancaq artıq məşqçilik karyerama başlamaq istəyirəm. Ona görə də qərara gəldim ki, daha bəsdir.
- Oyunçu kimi son mövsümü necə xarakterizə edərdiniz?
- Son mövsümü də pis keçirmədim. Azərbaycanlı basketbolçular arasında MVP seçildim. Bu il də davam etsəydim, komandaya müəyyən mənada fayda verə bilərdim.
- Bundan sonrakı planınız nədir?
- Yüksək səviyyəli, peşəkar məşqçilik karyerası qurmaq istəyirəm. İllərdir basketbolun içindəyəm və məşqçilikdə də yaxşı yerlərdə olmaq istəyirəm. Düzdür, oyunçuluq tamam başqadır, məşqçilik isə tamam başqa. Ancaq inanıram ki, bunun da öhdəsindən gələ bilərəm.
- Hazırda təklifləriniz varmı?
- Hələlik danışıqlar gedir. Bəlkə də “Naxçıvan” klubunda köməkçi məşqçi kimi fəaliyyətə başladım. Bir il işlədikdən sonra gələcəklə bağlı qərar verərik. Əvvəlcə ikinci məşqçi kimi başlamaq istəyirəm. Çünki bundan əvvəl oyunçu-məşqçi kimi fəaliyyət göstərmişəm. Əsas hədəfim isə baş məşqçi olmaqdır. Necə ki, basketbolçu kimi həmişə “bir nömrə” mövqeyində oynamışam, məşqçilikdə də ən yüksək pilləyə çatmaq istəyirəm.
- Gələcəkdə məşqçi fəaliyyətinizi xaricdə davam etdirmək niyyətiniz varmı?
- Basketbolçu kimi Gürcüstanda və Ukraynada legioner həyatı yaşamışam. Məşqçiliyə başladıqdan sonra da xaricdən təklif gəlsə, bunu dəyərləndirərəm. Əsas məsələ ilk addımı atmaqdır.


