Misli Premyer Liqasında 4-cü tura yekun vuruldu. Şahidlik etdiyimiz bu tur, təəssüf ki, havalar kimi "qara buludlu" və boğunuq atmosferlə yadda qaldı.

Turnir cədvəlindəki gərginliyə baxmayaraq, meydandakı məhsuldarlıq azarkeşləri məyus etdi — keçirilən 6 qarşılaşmada cəmi 5 qol vuruldu, oyunların heç birində 1-dən artıq qol qeydə alınmadı.

Qəbələdə sönük matç və gözlənilən vidalaşma

Turun ən maraqsız mübarizəsi, şübhəsiz ki, Qəbələdə gerçəkləşdi. Yerli "Qəbələ" doğma azarkeşləri önündə "Şamaxı" ilə qolsuz bərabərliyə razılaşdı. 90 dəqiqə boyunca meydanda o qədər sönük və ssenarisiz bir oyun izlədik ki, matç haqqında danışılmağa dəyər demək olar heç nə yox idi. Bu qarşılaşmanı izləyənlərin ömürlərindən 90 dəqiqə itirdiyini desək, yanılmarıq. Qarşılaşmanın ardınca isə gözlənilən addım atıldı — baş məşqçi Kaxaber Tsxadadzenin vəzifəsinə son verildi və beləcə, bu sönük oyun gürcü mütəxəssisin komandadakı son nöqtəsi oldu.

"İmişli" "Şəfa"ya üstün gəldi

Çempionatın debütantı "Şəfa" isə bu dəfə "İmişli" səfərindən əliboş döndü. Ötən tur "Qəbələ"yə yaşatdıqları eyni ssenari bu dəfə öz başlarına gəldi. Görünən odur ki, baş məşqçi Fərid Namazov yavaş-yavaş öz oyun təfəkkürünü komandaya yeritməyi bacarır. Gənc çalışdırıcı Jorj Kaşkilyadan fərqli olaraq, müdafiəyə qapanmaq əvəzinə hücum futboluna üstünlük verir. Müdafiədə yatıb 1 xal dalınca qaçmaqdansa, rəngarəng oyun nümayiş etdirib uduzmağı gözə almaq çempionatın baxımlılığı adına sevindirici, lakin nəticə baxımından olduqca riskli seçimdir.

Qərb derbisində möhtəşəm qayıdış: "Kəpəz" evində bayram etdi

Şübhəsiz ki, turun ən alovlu və maraqlı qarşılaşması Qərb derbisinə təsadüf etdi. Tam üç mövsümlük fasilədən sonra "Kəpəz" nəhayət doğma yurduna — Gəncəyə qayıtdı. Yenilənmiş stadion, tribunalarda coşğulu azarkeşlər və möhtəşəm ab-hava... Hər şey ən yüksək səviyyədə təşkil olunmuşdu. Azər Məmmədovun kollektivi bu dəstəyi qarşılıqsız qoymadı və evə qayıdış matçında prinsipial rəqibi "Turan Tovuz"u məğlub edərək vacib 3 xalı aktivinə yazdırdı. Əzəli rəqib üzərində qazanılan bu qələbə Gəncədəki futbol bayramına ayrı dad qatdı. Digər tərəfdən intizamlı görünməyən "Turan Tovuz"da vəziyyət getdikcə qəlizləşir, təcrübəli Kurban Berdıyevin "taxtı" artıq ciddi şəkildə laxlayır.

"Qartallar" zirvədə, "Neftçi"də dəyişməyən kabus

Zirədə keçirilən mərkəzi qarşılaşmada "Zirə" növbəti sınaqdan da zəfərlə ayrıldı. Rəşad Sadıqovun yetirmələri "Neftçi"ni növbəti dəfə sıradan çıxararaq ardıcıl üçüncü qələbəsini qazandı və turnir cədvəlinin vahid liderinə çevrildi. Flaqman bu dəfə də "Zirə" səddini aşa bilmədi. Matçda temp o qədər də yüksək olmasa da, "qartallar" praqmatik oyunla lazım olan 3 xalı götürməyi bildilər və rəqibə yüzfaizlik qol epizodu yaratmağa belə imkan vermədilər.

"Sabah" rotasiya ilə qazandı, "Araz-Naxçıvan" böhranda

Son çempion "Sabah" ağır qrafikə rəğmən Qəbələ səfərində "Araz-Naxçıvan"ı məğlub etməyi bacardı. Valdas Dambrauskas bu qarşılaşmada heyətdə ciddi rotasiyaya əl ataraq meydana ikinci heyəti buraxmışdı. Buna baxmayaraq, paytaxt təmsilçisi üstün oynadığı matçda vurulan kuryoz qolla çətin səfərdən itkisiz döndü. "Araz-Naxçıvan" isə növbəti məğlubiyyətlə barışmalı oldu. Ağır oyun qrafikində olan Muxtar Respublika təmsilçisi bu sınaqlardan heç cür üzüağ çıxa bilmir.

10 nəfərlə qazanılan vacib 3 xal: "Qarabağ" Sumqayıtdan zəfərlə döndü

Çempionluğun əsas iddiaçılarından olan "Qarabağ" Sumqayıt səfərindən xarakter nümayiş etdirərək 3 xalla qayıtdı. Matçın ilk hissəsində Kadi Borgesin birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması "kəhər atlar"ın planlarını alt-üst etsə də, Qurban Qurbanovun komandası sınmadı. 10 nəfərlə qalan Ağdam təmsilçisi sona qədər mübarizə apardı və Jali Muaddibin vurduğu qolla çətin vəziyyətdən çıxmağı bacardılar. "Qarabağ" çempionatda yoluna itkisiz davam edən 3 komandadan biri kimi iddialı yürüşünü sürdürür.