“Sabahın Ulduzları” böyük ümidlər vəd edir”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov deyib.

O, AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə həyata keçirilən "Sabahın Ulduzları" yarışı ilə bağlı fikirlərini bölüşüb:

“Bildiyiniz kimi, layihə bir neçə ildən sonra yenidən bərpa olundu. Əvvəl “Sabahın ulduzları”ndan hazırda bizim milli komandamızı və bir neçə uğurlu qruplarımızı təmsil edən oyunçularımız var.

Bu səbəbdən də layihənin bərpa ideyası ortaya çıxdıqdan sonra yenə ümidlərimiz çox böyük idi. Çünki əvvəlki uğurlarına görə, belə demək mümkündürsə, “Sabahın ulduzları”nın dadı futbolsevərlərin damağında qalmışdı.

Mən əminəm və bilirəm də ki, Tahir müəllim və komandası layihə üçün çox əziyyət çəkiblər. AFFA rəhbərliyinin birgə əməkdaşlığı ilə Bakı Futbol Federasiyası gözəl və vacib tədbiri yenidən ərsəyə gətirib”.

Hüseynov turnirə marağın böyük olduğunu vurğulayıb:

“İlk növbədə çox möhtəşəm bir açılış tədbiri həyata keçirildi. Açılış oyunu da çox maraqlı oldu. Burada həm ən yaxşı akademiyalarımız həm də digər kiçik futbol məktəblərimiz təmsil olunurlar. Oyunların canlı yayımlanması futbol camiəsində müsbət mənada bir ajiotaj yaradıb.

Siz sosial şəbəkələrdə layihədən xeyli maraqlı paylaşım görə bilərsiniz”.

Qeyd edək ki, "Sabahın Ulduzları" U-15 yaş qrupunda keçirilən oyunlar Azərbaycanda baş tutacaq FIFA U-15 dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinə futbolçu seçimləri və seleksiya xarakteri daşıyır. Bu yarışlarda FIFA-nın qərarına əsasən 2011-2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub.