Mövsüm başa çatar-çatmaz baş məşqçisi Ayxan Abbasovla yollarını ayıran “Şamaxı” artıq 18 futbolçusuna “əlvida” deyib. 

Son iki mövsümdə Ayxan Abbasovla “boylarından hündürə tullanan” “şirlər”in gələn mövsümkü işi heç də asan görünmür.

Şirvan təmsilçisi ən yaxşı yerli mütəxəssislərdən birini - Azər Bağırovu komandanın başına gətirsə də, işləri qəliz görünür. Cəmi 3 transfer ediblər, ikisi “Karvan-Yevlax”dan Emin Rüstəmovla, Uğur Cahangirovdur. Emin ötən mövsümün qışını “Səbail”də keçirmişdi. Yarı 1-ci liqa, yarı 1-ci liqaya düşən komandada oynamış müdafiəçi nə qədər güvənlidir? 

Sözsüz ki, transferlər olacaq. Amma gedənlərin heç olmasa yarısı qədər keyfiyyətli olacaqlarmı? Sadəcə Dioqo Balaunun gedişindən pul qazandılar. Onun da nə qədər olduğu konfidensialdı - bilinmir. 

Rüfət Abbasov, Kərim Rossi, Sezar Enrike, Arsen Ağcabəyov, Andrey Tirkovyanu kimi futbolçularla vidalaşıblar. Edqar Adilxanov da “gəmini tərk etsə” heç kim təəccüblənməyəcək. Rikardo Fernandeşin də adı “Zirə” ilə hallanır.

Azər Bağırovun üzərinə böyük iş düşür. Amma qəbul etmək lazımdır ki, seleksiya işi Ayxan Abbasov səviyyəsində deyil. Gələn mövsüm daha rəqabətli çempionat olacaq.

Komandada barmaqla sayılacaq qədər futbolçu qalıb. Qalanlar da ya maksimum “Şamaxı” səviyyəsindədir, ya da yol üstədirlər - yaxşı təklif gözləyirlər ki, getsinlər.