“Maraqlı oyun oldu”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Albaniyanın “Partizani” klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli deyib.
30 yaşlı hücumçu komandasının Super Liqanın 24-cü turunda “Tirana”ya qarşı keçirdiyi oyun haqqında danışıb: “Derbinin belə olacağını bilirdik. İlk hissədə biz nə qədər üstün idiksə, ikinci hissədə rəqib də o qədər üstün oldu. Komanda transferlərdən və yeni idman direktorundan sonra xeyli toparlanıb. İnşallah, əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır”.
Matçın 37-ci dəqiqəsində adını tabloya yazdıran İsgəndərli bildirib ki, bu qol onun üçün gözlənilən idi: “Qol vuracağıma çox inanırdım. Hətta ilk qolum çox baxımlı alınmışdı, amma oyundankənar vəziyyətə görə VAR tərəfindən ləğv olundu. Oyunun gedişində yenə də qol vuracağımı hiss edirdim.
Bu epizodun oxşarı məşqlərdə də dəfələrlə olmuşdu. Biz həmişə deyirik ki, kimin qol vurmasından asılı olmayaraq, ən önəmlisi 3 xaldır. Bu qələbədə də komandanın hər bir üzvünün 3 xal üçün nə qədər istəkli olduğu açıq şəkildə göründü”.
Qeyd edək ki, oyun İsgəndərlinin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda 33 xalı olan “Partizani” turnir cədvəlində 5-ci pillədədir.



