Ötən gecə Azərbaycan futbolunda yeni səhifə açıldı və ən yeni tarix başladı.
"Qarabağ" "Enfild"dən böyükhesablı məğlubiyyətlə qayıtsa da, bu indiyə kimi yaşanılmış ən gözəl məğlubiyyət idi.
Çünki, Çempionlar Liqasında növbəti mərhələyə adlamışıq.
Ötən gecə bir Azərbaycan komandası "Enfild"də meydana çıxır, bu gün isə Çempionlar Liqasının ən yaxşı 24 klubu sırasındayıq.
Yuxu kimi gəlir...
Qurban Qurbanovun da dediyi kimi, "Qarabağ" buna layiq idi.
Təcrübəli mütəxəssis oyundan əvvəlki mətbuat konfransında xarici mətbuat nümayəndəsinin "bu mövsüm "Ayntraxt" və "Benfika" kimi klubları məğlub etmisiniz, bunun əsas sirri nədədir" sualına qısaca belə cavab vermişdi: "Çalışqanlıq".
Mən də belə düşünürəm. İllərin əziyyətinin bəhrəsini Qurban Qurbanov və komandası bu gün görür.
Azərbaycan kimi futbolunda sabah belə nə olacağı məlum olmayan ölkədə Q. Qurbanov 17 ildir eyni komandada çalışır.
Bezmədən, usanmadan, bəzən lazımsız tənqidləri eşidərək işinə davam edib.
Eyni həvəs, eyni istəklə.
Yəqinki bu mərhələ adlamağa hamımızdan çox o inanırdı.
Bunu da bacardı. Yepyeni bir səhifə açdı Azərbaycan futbolunda.
Onsuz o səhifələrin çoxunu özü yazıb, yazmağa da davam edir.
Budəfəki etdiyi lap başqa bir şey oldu.
Yorulmamağı ümidi ilə...