Bir futbolçunu yetişdirmək böyük bir komandanın işidir. Məşqçi, fizioterapevt, masajçı, psixoloq, inzibatçı, aşbaz, valideynlər, məktəbdəki müəllimlər, hətta klubun mühafizəçisi, sürücüsü, xadiməçisi – bu mexanizmin işlək hissəsidir. Uşağın futbolçu kimi yetişməsi, psixoloji, fizioloji, mənəvi, mental problemləri aşması üçün hamı illərlə bir nöqtəyə vurmalıdır.

Əks proses isə az qala işıq sürəti ilə gedir. Perspektivi, bacarığı olan uşağı “sındırmağ”a, həvəsdən salmağa bəzən dəqiqələr kifayətdir. Necə ki dünən “Neftçi”nin baş məşqçisi Samir Abasov bunu bizə əyani şəkildə göstərdi. 47 yaşlı məşqçi “Kəpəz”ə məğlubiyyətdən sonra həm müdriklik, həm də məşqçi baxımından kobud səhv buraxdı. Öz övladının həmyaşıdını – 20 yaşlı futbolçu Ağadadaş Salyanskini mətbuat konfransında kəskin tənqid etmək, təxminən 10 dəqiqə eyni futbolçunu günahlandırmaq, az qala “Neftçi”nin bütün dərd-sərini onun boynuna atmaq, yumşaq desək, peşəkarlığa, məşqçi etikasına sığmayan cəhətlərdir.

Məgər Samir Abasov “oyunun təhlili” adlı iclasdan/prosesdən xəbərsizdir? Hər matçdan sonra komanda üzvləri birgə son oyunun videoyazısına baxırlar, təhlillər aparılır, nöqsanlar, uğurlar diqqətə çatdırılır. Bəs onda Abasov niyə görə öz futbolçusunu jurnalistlərin gözü qarşısında sərt sözlərlə qınayır, onun paxırlarını açır? Komanda toplantısı zamanı, daha yaxşısı fərdi söhbətlərdə deyilməli olan sözləri hansı səbəbdən mətbuata çıxarır?

Ümumiyyətlə, Abasov işlətdiyi ifadələrin məsuliyyətini anlayırmı? Başa düşürmü ki, bu sözlər Ağadadaşın hələ tam formalaşmamış psixologiyasını poza, onu “sındıra”, karyerasında enişə yuvarlaya bilər? Gənc insanda depresiyaya, özünəqapanmaya yol aça bilər. Bu gün bütün saytlarda, sosial meiada özü haqqında sərt sözlər oxuyan 20 yaşlı futbolçu hansı hislər keçirməlidir? Hansı peşəkar məşqçi məğlubiyyəti futbolçusunun boynuna atıb, özünü təmizə çıxarmağa çalışır? Əcəba, bu, “meymun suda boğulanda, balasını ayağının altına qoyar” misalını xatırlatmır ki?

Guya “Neftçi”də hamı ideal oynayır, təkcə Ağadadaş bütün işləri korlayır? Cənab Abasov, bir dəfə də Ağadadaşın ehtiyatda oturtduğu Ramil Şeydayevdən danışın. İzah eləyin görək, Ağadadaş hansı bacarıqsızlığına görə Şeydayevi start heyətdən sıxışdırıb? Azər Salahlıdan danışın, Höccət Haqverdidən söz açın. Nəql eləyin görək, niyə sizin komanda belə pərakəndə, ölüvay oynayır?

Bir komandada məsələn, 7 nəfər yaxşı oynayar, qalan 4-nün zəifliyi onların kölgəsində itib-batar. “Neftçi”də isə əksinədir: 7 “zəif” 4 “yaxşı”nın zəhmətini hədər edir. Əgər danışırsınızsa, o 7 “zəif”in hamısından söz açın.  “Neftçi”də “günah keçisi” var və onların sayı 1 deyil. Abasov “Bütün mövqelərdə mən istədiyim futbolçuya ehtiyac var” deyir, dolayısı ilə heyətin keyfiyyətsiz futbolçulardan təşkil olunduğunu təsdiqləyir. Belə olan halda, rəhbərliyi tənqid edin, onlara “od püskürün”, bu məsələdə Ağaadaşın nə günahı? Yersiz transferlər edən, büdcəni dağıdan, komandanı rəzil gününə salan Ağadadaşdır? Hirsinizi 20 yaşlı futbolçunun üstünə niyə tökürsünüz? Rəhbərlikdə oturanları – Cenk Sümeri, Kamil Məmmədovu, Zaur Əzizovu “topa tutun”. Xüsusilə, axııncı 2 nəfərdən soruşun görək, ayağı-ayağına dolaşan bu futbolçuları hardan tapıb gətiriblər. (Oxu: Utanc, rəzalət, naşılıq!)

Baş məşqçi hər şeydən öncə komandada səliqə-sahman yaratmalıdır, oyunlar və məşqlər zamanı meydançada və ondan kənarda sözlərinə, davranışa fikir verməlidir. Samir Abasov sanki “Neftçi”yə səliqə-sahmanı pozmağa gəlib. Nə futbolçularda məsuliyyət var, nə texniki zonada nizam-intizam var, nə də rəhbərlikdə azarkeşlərə qarşı hörmət-diqqət var... Bir dəfə çevrilib texniki zonaya baxın. Orada oturanların hamısı danışır. Siz orada söz sahibisniz, yoxsa söhbətgaha baş çəkib, müzakirələrə qoşulmusunuz?

Əziz Abasov, son iki mətbuat konfransında sizə nə olub? Ötən həftə “VAR-ı rədd eləmək lazımdır” deyirdiniz. Mütəxəssislər illərlə mübahisəli məqamlar üzərində düşünüb, VAR sistemini yaradıblar, indi onu rədd eləmək lazımdır? “Kəpəz”lə oyunda buna oxşar bir epizodda hakim VAR-a baxıb, rəqibin oyunçusuna qırmızı vərəqə versəydi, bəlkə də bu sistemi bəh-bəhlə tərifləyərdiniz...

...Onsuz da Azərbayanda ulduz futbolçu yetişmir. Ağadadaş böyüyüb, nə Mbappe olandır, nə də Holand. Bəlkə Allah qismət eləyər, Türkiyə I liqasına düşər, ordan Superliqaya keçər, yaxud Polşa çempionatında ortabablarda oynayar. Ola bilsin ki, Mahir Emreliyə qoşulub, “Nürnberq”də Miroslav Klozenin əsəb sistemini nəhayət, tamamilə çökdürər. Musa Qurbanlıdan, Nəriman Axundzadədən nə umuruqsa, Salyanskidən də gözləntilərimiz o qədərdir.

Ancaq Abasovun dünənki tənqidi çıxışı “Neftçi”nin acizliyini göstərdi. Bir uşağı ayağa verəcək qədər acizlik... Hərçənd flaqman nümunəvi olmalıdır, hər işi, hər sözü ilə. Özünü günahlandırmayıb, komandada ən balacanın üstünə düşmək, mənə küçə futbolunu, məhəllə komandasını xatırlatdı. Böyüməyə ən çox ehtiyacı olan Ağadadaş yox, sizsiniz, cənab Abasov!