Misli Premyer Liqasının XXIV turunda "Qarabağ"la oyunun nəticəsi (1:1) "Sabah"ın baş məşqçisi Vasili Berezutskini razı salıb.
Offsideplus.az xəbər verir k, rusiyalı çalışdırıcı Tofiq Bəhramov adına Respublika stadonunda qarlı havada keçən matçda qələbə qazanmaq şanslarının olduğunu bildirib. O, hücumları məntiqi sonluğa çatdıra bilmədiklərinə görə təəssüfünü gizlətməyib.
"Hücumun sonlandırılması bizim məşqlərin əsas hissəsidir. Bəlkə bu tapşırıq üzərində məşqlərdə bizdən çox çalışan komanda yoxdur. Ümidvaram ki, cəhdlərimiz nə vaxtsa bəhrəsini verəcək. Onu da deyim ki, müdafiədən topla necə çıxmağımızdan narazı qaldım. Qısa ötürmələrdə itkilərimiz var idi" - deyə V.Berezutski nəzərə çatdırıb.
O, yaxın keçmişə səyahət edərək, 21 il öncə yaşananları da xatırladıb: "Bu stadionda oynayıb-oynamadığımı bilmirəm. Moskva MOİK-nin heyətində "Neftçi" ilə görüşdə ehtiyatda qalmışdım. Azərbaycan və Rusiya yığmaları arasında keçirilən rəsmi matçı da xatırlayıram. Tofiq Bəhramovun adını daşıyan stadionda oynamaqdan, baş məşqçi qismində burada olmaqdan məmnunam".
Xatırladaq ki, V.Berezutskinin xatırlatdığı "Neftçi" - MOİK matçı 2004-cü ildə Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində baş tutub. Bakıdan qolsuz heç-heçə ilə qayıdan MOİK Moskvada "Neftçi"yə 2:0 qalib gələrək, növbəti mərhələyə yüksəlib. V.Berezutskinin şərəfini qoruduğu klub həmin mövsüm tarixində ilk dəfə UEFA Kubokunu qazanıb.