"Fənərbağça"nın yeni transferi Brakston Key Avroliqada maaş şəffaflığı mövzusunda maraqlı müzakirəyə start verib. 

Offsideplus.az xəbər verir ki, o, Avropada bütün basketbolçuların və azarkeşlərin liqadakı məvacibləri dəqiq bilməsinin vacibliyini vurğulayıb.

"Olimpiakos"un fransalı ulduzu Evan Furnye də bu məsələyə münasibət bildirib. Furnye amerikalı basketbolçunun fikri ilə razılaşsa da, Avropa mədəniyyətində pul mövzusunun fərqli qəbul edildiyini qeyd edib:

"Düşünürəm ki, bu, daha çox mədəniyyətlə bağlıdır. Amerikalılar məvacib və pul barədə çox rahat danışırlar. Avropada isə bu, daha şəxsi məsələ sayılır. Məsələn, Fransada puldan söz açmaq bir növ tabudur. Amma bazarın şəffaf olması oyunçunun öz dəyərini bilməsi baxımından vacibdir. Əgər bazarın real vəziyyətindən xəbərsizsənsə, öz qiymətini də dəqiq müəyyən edə bilməzsən".

Brakston Key isə əlavə edib ki, şəffaflıq yalnız azarkeşlərə maraqlı görünmək üçün deyil, həm də Avroliqanın inkişafı və basketbolçuların öz hüquqlarını qoruması üçün zəruridir.