“Yarış çox yaxşı keçdi”. 

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycanın çimrəlik güləşçisi Camal Feyziyev (+90 kq) deyib.

Bakıda keçirilən Dünya Seriyasının IV mərhələsinin qalibi olan idmançı təəssüratlarını bölüşüb:

“Bildiyiniz kimi, yarışda Avropanın və dünyanın tanınmış çempionları iştirak edirdi. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Yarışın keçirilməsi, idmançıların qarşılanması, yarış prosesinin təşkili və ümumi atmosfer baxımından hər şey çox peşəkar şəkildə qurulmuşdu. Bütün sponsorlarımız yarış boyunca bizə böyük dəstək göstərdilər. Yarışın yüksək səviyyədə keçirilməsi həm idmançılar, həm də tribunada bizi dəstəkləyən və yarışları izləyən insanlar üçün çox gözəl ab-hava yaratmışdı. Əməyi olan bütün təşkilatçılara və sponsorlarımıza öz təşəkkürümü bildirirəm.

Mənim çəkimdə isə 4 qat dünya çempionu, gürcüstanlı Mamuka Kordzaya ilə qarşılaşdım. O, çimərlik güləşində demək olar ki, bütün titullara sahib olan güclü rəqibdir. Bu görüşdə baş məşqçi Oyan Nəzərianinin düzgün qurduğu taktika ilə mübarizə apararaq qalib gəlməyi bacardım. Final görüşündə isə ukraynalı Vaja Dayauri ilə qarşılaşdım və onu da məğlub edərək qızıl medalın sahibi oldum. Öz millətimin və sevimli xalqımın qarşısında bu cür güclü rəqibləri məğlub edərək Azərbaycan bayrağını yüksəltmək mənim üçün çox böyük qürur və sevincdir. Bu qızıl medalımı yenicə dünyaya gələn qardaşım oğlu Davidə həsr edirəm”. 

Feyziyev gələcək hədəflərindən də danışıb:

“Növbəti hədəfim, söz verdiyim kimi, Yunanıstanda keçiriləcək Dünya Seriyasının final mərhələsində də çempion olaraq bu titulu qorumaqdır. Bunun üçün qarşıda məni çox ciddi hazırlıq prosesi gözləyir və hər gün daha böyük əzmlə çalışacağam. Ən böyük arzum çimərlik güləşi tarixində daha çox dünya çempionluğu əldə etmək və adımı bu idman növünün tarixinə qızıl hərflərlə yazdırmaqdır”.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Dünya Seriyasında 84 xalla komanda hesabında birinci olub.