Bu həftə Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, “Qəbələ” son matçında “Sumqayıt”la qarşılaşacaq.

“Qırmızı-qaralar” 36-cı turun oyununa səfərdə çıxacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşma iki rəqib arasında 50-ci duel kimi tarixə düşəcək. Komandalar indiyədək 49 matçda qarşılaşıb. “Qırmızı-qaralar” bu qarşılaşmalarda üstünlüyə malikdir.

Hesabında 27 qələbə olan “Qəbələ” 15 heç-heçə edib və 7 dəfə məğlub olub. Rəqib qapısından 74 top keçirən komanda 37 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox – 7 top vurub.

Premyer Liqa çərçivəsində baş tutan 46 görüşdə 25 dəfə üç xal qazanan “Qəbələ” 14 sülhə imza atıb. 7 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 71-36-dır. Digər üç duel ölkə kubokuna təsadüf edib.

Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 22 oyunda 9 dəfə qalib gəlib. 9 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri qələbəyə seviniblər. Səfərdə 31 top vuran “Qəbələ” 20 top buraxıb.

Qeyd edək ki, mayın 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq “Sumqayıt” – “Qəbələ” görüşü saat 19:00-da başlayacaq.