"Qəbələ" klubu 2025/26 mövsümündə Misli Premyer Liqasında oynayacaq.

Offsideplus.az xəbər verir ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv Premyer Liqaya vəsiqəni bir neçə dəqiqə öncə başa çatmış matçda rəsmiləşdirib.

Qəbələlilər bu gün I Liqanın XX turunda "Baku Sporting"ə 5:0 hesabı ilə gəliblər. Beləliklə, "Qəbələ" çempionatın sonuna 7 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib.

Əsasnaməyə görə, I Liqada ilk 3 yeri tutan komandalar növbəti mövsüm Premyer Liqaya yüksəlmək hüququna malikdirlər. Hazırda 52 xalla zirvədə qərarlaşan "Qəbələ" heç bir halda  ilk "üçlüy"ü tərk etməyəcək. Çünki 4-cü sıranı tutan "Baku Sporting"in cəmi 26 xalı var. Bu fərqi qalan 7 tur ərzində aradan götürmək mümkün deyil.

"Qəbələ" cari mövsüm uduzmayıb, 20 oyunda qapısından cəmi 4 top buraxıb.

Premyer Liqaya vəsiqə qazanmağa daha 2 komanda - "Karvan" və "İmişli" namizəddir.