Rusiyalı MMA əfsanəsi Fyodor Yemelyanenko UFC ilə keçmişdə aparılan danışıqların təfərrüatlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, təşkilatın rəhbəri Dana Uaytla şəxsi görüşü barədə danışarkən bildirib ki, UFC prezidenti onunla müqavilə bağlamaq istədiyini dəfələrlə nümayiş etdirsə də, real addım atmayıb.
Yemelyanenko bu görüşün Bret Rocerslə "Strikeforce"dakı döyüşündən sonra baş tutduğunu bildirib:
"Hər dəfə azad agent olanda mənə maraq göstərmirdilər, müqaviləm olanda isə təkliflər gəlirdi. Müqavilən varsa, başqa təşkilatla razılaşa bilmirsən, əks halda məhkəmə çəkişmələri zamanı Amerikada döyüşməyin qadağan edilir. Uayta sual verdik ki, məhkəmə olsa, bütün xərcləri ödəməyə hazırdırmı? Aydın idi ki, 'Strikeforce'dan ayrılmayacaqdım. Sadəcə, Vadim Finkelşteynin xahişi ilə görüşdük. Açığı, məqsədi başa düşmədim. Sadəcə, məni sıxışdırmaq istəyirdilər. İmza atsaydım, 'Strikeforce' məni məhkəməyə verəcəkdi və nəticədə heç bir yerdə döyüşə bilməyəcəkdim".
Təcrübəli idmançı Dana Uaytı döyüş sənayesində əfsanə adlandıranlara münasibət bildirərək onun biznes yanaşmasını tənqid edib:
"Biznesmenlər müxtəlif olur. Elələri var ki, sözünün üstündə durur, elələri də var ki, sadəcə danışır. Dana indi müxtəlif bəhanələr gətirir: gah məni istədiyini, gah istəmədiyini deyir, gah peşman olduğunu, gah da sevincli olduğunu bildirir. Açığı, sözünün arxasında dayanmır. Onun biznes aparmaq tərzi mənə yaxın deyil. Kim onu əfsanə sayırsa, buyursun, amma mən belə düşünmürəm".


