UFC-nin orta çəki döyüşçüsü Nassurdin İmamov titul döyüşü ilə bağlı planlarından danışıb. O bildirib ki, təşkilat rəhbərliyi ilə söhbət zamanı ona bir qədər gözləməli olduğu deyilib, lakin Xamzat Çimayev və Şon Striklend arasında qarşılaşmadan sonra kəmər uğrunda döyüşün təmin olunacağı vəd edilib.
Offsideplus.az xəbər verir ki, İmamov bu barədə belə deyib: "UFC ilə söhbətimiz oldu. Onlar dedilər ki, bir az gözləmək lazımdır. Amma Çimayev və Striklendin döyüşündən sonra kəmər uğrunda qarşılaşma zəmanətlidir. Biz də başa düşürük ki, mənim cəmi 30 yaşım var, inkişaf edirəm, karyeramın ən yaxşı dövründəyəm. Problem yoxdur, gözləyəcəyik. Hətta özümüz də dedik ki, fasilə olmasın deyə bizə Dricus du Plessis verin. Onlar isə bildirdilər ki, yox, səni yalnız titul döyüşündə görürük. Çimayev və Striklendin döyüşündən sonra 100 faiz zəmanət veririk."
Qeyd edək ki, İmamov hazırda beş qələbəlik seriyadadır və son döyüşündə Kayyo Borralyoya hakimlərin yekdil qərarı ilə qalib gəlib.


