2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Ukrayna yığması ağır məğlubiyyətə uğrayıb. 

Offsideplus.az xəbər verir ki, Sergey Rebrovun yetirmələri UEFA Millətlər Liqasının A Liqasına keçid matçında Belçikaya uduzublar.

Ukraynalılar ilk matçda 3:1 hesablı qələbə qazansalar da, cavab görüşündə qapılarından 3 cavabsız top buraxıblar.

Oyunun taleyi son 20 dəqiqədə həll olunub. Maksim de Kuyper 70-ci dəqiqədə hesabı açıb. Kapitan Romelo Lukaku isə 10 dəqiqəyə dubl etməklə (76-cı və 86-cı dəq.), əbəs yerə ulduz olmadığını sübuta yetirib.

Beləliklə, Belçika yığması A Liqasındakı yerini qoruyub. Ukrayna isə növbəti yarışda yenə B Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında seçmə oyunlar bu ilin payızında keçiriləcək.