"Çalışacağıq ki, Latviyaya qarşı yaxşı oyun göstərib qələbə qazanaq. İnanırıq ki, bunu bacaracağıq. Çünki bizdə bunun üçün lazımi keyfiyyətlərin hamısı var. Düzdür, Latviya da yaxşı komandadır. Amma bizə qələbə çox lazımdır".

Offsideplus.az xəbər verir bu fikirlər Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudova məxsusdur.

33 yaşlı yarımmüdafiəçi bu gün Riqada Latviya - Azərbaycan matçı ilə bağlı təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Emin sabah fərqlənəcəyi təqdirdə, yığmanın bombardirləri siyahısında Qurban Qurbanovu üstələyərək 15 qolla birinci pilləyə çıxacaq: "Açığı, statistika barədə düşünmürəm. İlk növbədə komandaya kömək etməyim vacibdir. Əlbəttə, şans düşsə, qol vuracağam, ən əsası komandanın qalib gəlməyidir". 

Mahmudov kapitan sarğısı ilə bağlı sualı belə cavablandırıb: "Kapitan sarğısını kimin daşıyacağı və penaltini kimin vuracağın barədə qərarı baş məşqçi qərar verir".

O, milli komandada yenidən parlaq oyun göstərmək istəyini gizlətməyib: "Yığmaya maksimum kömək etməyə çalışıram. 30 yaşdan sonra öz Üzərimdə daha çox diqqət göstərməli olduğumu bilirəm. Hər gün öz üzərimdə çalışıram".

Qeyd edək ki, Latviya - Azərbaycan matçı sabah saat 17-də başlanacaq.