Fernandu Santuş Azərbaycan milli komandası ilə müqavilə bağlamağında böyük rol oynayan şərti açıqlayıb. 

70 yaşlı mütəxəssis Azərbaycan - Belarus (0:2) matçından sonra mətbuat konfransında iştirak edib. Offsideplus.az-ın sualını cavablandırarkən, portuqaliyalı çalışdırıcı bildirib ki, AFFA ilə müqavilə bağlayanda sözləşmənin müddəti 3 illik olmasaydı, o, yığmamızı seçməzdi:

"Bura gəlməzdən əvvəl 3 illik müqavilə razılaşdırmışıq. Bundan öncə də bu proseslərin olacağını başa salmışam. Yenə deyirəm, burdan 1-2 illik təklif alsaydım, gəlməzdim. Çünki mən bilirəm ki, bu, asan proses deyil. Yenə deyirəm, başqa şeylər barədə danışsaq, məsələn ölkə haqda danışsaq, Azərbaycan - mükəmməl. Şəhər barəsində danışsaq, Bakı mükəmməl. Ümumilikdə hər şey top səviyyədədir. Ona görə də bundan danışmırıq. Məsələ budur ki, danışıqlarda bu şərt olsaydı, mən — Fernandu Santuş bura baş məşqçi olaraq gəlməyəcəkdim. Üzgünəm, çünki karyeram boyu mən bu qədər məğlub olmamışam. Mən yenə də təkrarlayıram ki, öz və oyunçularımın potensialına inanıram. İnanıram ki, istədiyimiz nəticələri qazanacağıq".