"Əgər mənim səlahiyyətim olsaydı, milli komandaya daha 2 futbolçunu çağırardım: "Turan Tovuz"dan Faiq Hacıyevi və "Zirə"dən Qısmət Alıyevi".
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda "Turan Tovuz"da məşqçi işləyən Yunis Hüseynov deyib.
Onun sözlərinə görə, adıçəkilənlər milli komandada oynamağa layiqdirlər: "Faiq Hacıyevin adını heç də "Turan Tovuz"da işlədiyim üçün çəkmədim. O, həqiqətən də yaxşı formadadır, inamlı çıxış edir. Mən onu yığmaya çağırardım, lap 5-10 dəqiqə forma geyinmək şansı verərdim ki, qoy ab-havaya öyrəşsin. Həmçinin Qismət Alıyevin də çıxışını diqqətlə izləyirəm. Hesab edirəm ki, müdafiənin sağ cniahında həm Faiqi, həm də Qisməti sınamaq olardı. Milli komandada kimlərin artıq olmasına gəlincə, bu suala cavab verə bilmərəm. Çünki siyahı baş məşqçinin istəyinə uyğun tərtib olunub. Deməli, o, seçdiyi, hazır hesab etdiyi futbolçuları yığmaya çağırıb. Yəni, bu, onun baxış bucağıdır".
Qeyd edək ki, yığmamızın baş məşqçisi Fernandu Santuşun Haiti və Belarusla yoldaşlıq görüşlərinə çağırdığı oyunçuların siyahısı heç də birmənalı qarşılanmayıb. Futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər xüsusilə Haiti ilə matçdan (0:3) sonra heyətdə bəzilərinin artıq olduğunu bildiriblər.