Misli Premyer Liqasının 14-cü turunda “Araz-Naxçıvan” Tovuzda “Kəpəz”i məğlub etdi – 2:0.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra Naxçıvan Futbol Federasiyasının prezidenti “boz qurdlar”ın qələbəsi ilə bağlı jurnalistlərə açıqlama verdi:

“Qələbə qazandığımız üçün sevinirik. Gözəl oyuna görə "Kəpəz"i təbrik edirəm. Azər Bağırov dönüş edə bilib. Açığı, heç-heçəlik oyun idi. Amma bu, futboldur. Qələbəyə görə komandanı təbrik edirəm. İradımı da futbolçulara bildirdim. Hər oyundan sonra uşaqları bir-bir təbrik edirəm. Oyundan öncə də demişdim ki, meydana boş çıxmaq olmaz. Futbol belə şeyləri sevmir. Azər Bağırov gələndən sonra "Kəpəz" müsbət tərəfə çox dəyişib. Mükafatla bağlı heç nə demədim. Onu klubun prezidenti vəd verəcək. Buna mən qarışmıram. Yaxşı gedirik. Lakin çempionluq haqda düşünmürük. Qarşıda 22 tur var. Bugünkü nəticələr sevindirir”.

Qurum rəsmisi millinin Millətlər Liqasındakı çıxışı ilə bağlı açıqlama verdi:

“Kaş ki, “Araz-Naxçıvan”dakı kimi qələbələr bizim milli komandamızda da olardı. Mənim üçün "Araz"dan da vacib Azərbaycan millisidir. Bir neçə gün əvvəl acı məğlubiyyət yaşadıq. Mən hələ də özümə gələ bilmirəm. Bu, olmamalı idi. Canni De Byazini istəmədilər, qovdular. Amma onun vaxtında milli İsveçi məğlub edirdi. Mən hər zaman demişəm ki, istəyirsiz Mourinyonu gətirək. Futbolçu meydanda can qoymalıdır. Rəqibdən 10 qat zəif ola bilərsən. Amma kişi kimi uduz, dovşan kimi yox. Bu oyunçular can qoymadı. Bilmirəm, niyə? Bu komanda mənim olsaydı, əvəzedicidəki uşaqları oynadardım, amma onları meydana çıxmağa qoymazdım. Fernandu Santuş olmur, kim olur olsun. De Byazi, Santuş peşəkar məşqçilərdir. Dünya futbolunda ad qoymuş insanlardır. Amma futbolu onlar oynamır axı. Mən İcraiyyə Komitəsində olanda da deyirdim ki, milli komandanın klublarla əlaqəsi yoxdur. Arada bir koordinator yoxdur ki, klubun da rəhbərinə lazım olanda iradını bildirsin. Ay filankəs, sizin klubdan 3 futbolçu dəvət etmişik. Onlara siz də motivasiya verin. Sonuncu dəfə Slovakiyaya məğlub olandan sonra millinin oyunlarına getmirəm. Çünki çox əsəbləşirəm. Komanda uduzur, amma futbolçular 1 saat sonra musiqiyə elə qulaq asır, yeməyə elə gedir ki, sanki uduzan biz deyilik. Təlim-tərbiyə yoxdur. İki qat intizam yoxdur. Necə olur ki, ötən il 3:0 udduğumuz rəqibə bu gün 0:6 məğlub oluruq? Belə olmaz. Düzdür, bu gün İcraiyyə Komitəsində yoxam.  Naxçıvan Futbol Federasiyasının rəhbəriyəm. Amma kim olursan ol. Bilirəm ki, mənə necə toxunubsa, sizə də 5 qat toxunub”.

Funksioner “İctimaiyyətdə belə bir fikir var ki, bugünkü nəticələrə görə sizin də yer aldığınız köhnə AFFA rəhbərliyi daha çox günahkardır” fikrinə belə münasibət bildirdi:

“Kimi istəyirlər günahlandırsınlar. İfadəmə görə üzr istəyirəm. Gedəndən sonra lap zurna çalsınlar. Eyni adamlar 0:6 uduzur. Qocalmayıblar ki? Futbolçu meydanda qorxursa, ayağını topa qoymursa ki, zədə alaram, buna Santuş, De Byazi və ya mən, siz nə edə bilər? Özünü qoruyur ki, klubda yaxşı maaş alıram. Niyə burda özümü zədələyim. Sonra da klubdan yola salsınlar. Bunu mən görürəm. Bu adamlar klub tərəfindən cəzalanmalıdılar. Millidə 5 gün olur. Məşq edir, oyuna çıxır vəssalam. Sonra da başlayırlar ki, bizə mükafat verin. Yoldaşlıq görüşünə mükafata istəyirlər. Dünyada belə bir şey yoxdur. Yoldaşlıq oyununa, heç-heçəyə mükafat vermək olar? Bu, harada yazılıb? Federasiya nə etsin? Düz deyirsiniz. Federasiya futbola cavabdeh qurumdur. Mən sizinlə razıyam. Federasiya bütün şəraiti yaradıb. Çarterlə uçuşu, yemək-içməyi, ən yaxşı otellərdə qalmağı federasiya edir. Peşəkar baş məşqçi gətirilib. Bundan başqa nə etməlidir? Bunu mənə başa salın. Rövşən Nəcəf lazım olan şəraiti yaradıb. Düzdür, AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qruplarının turnirlər yaxşı səviyyədə keçirilmir. O başqa məsələ. Təbii ki, AFFA buna da cavabdehdir. Akademiylar olmalıdır”.