FIFA-nın rəsmi saytında Azərbaycan futbol yığması ilə bağlı maraqlı bir yazı dərc olunub.
Offsideplus.az həmin yazını sizə təqdim edir:
İki il əvvəl Azərbaycan "FIFA Series"in pilot nəşrinə ev sahibliyi edən beş ölkədən biri idi. Monqolustan üzərində 1:0 hesablı qələbə və Bolqarıstanla 1:1-lik heç-heçə ilə yadda qalan həmin təcrübə uğurlu hesab edilmişdi. Bunun ən bariz göstəricisi turnirin 2026-cı ildə yenidən ölkəmizdə keçirilməsi qərarı oldu. Lakin bu dəfə nəticə sadəcə uğur deyil, əsl zəfər idi.
"2024-cü ildəki FIFA Series ölkəmiz üçün mühüm mərhələ idi. Belə tədbirlər həm biz oyunçular, həm də bütövlükdə Azərbaycan futbolu üçün dəyərli təcrübə qazandırır", - deyə milli komandada 33 oyun keçirmiş təcrübəli sol cinah müdafiəçisi Elvin Cəfərquliyev bildirib.
"Həmin matçlardan ancaq xoş xatirələrim var. Doğma azarkeşlərimiz önündə oynamaq hər zaman özəldir. 2026-cı il nəşrinin bir parçası olduğum üçün çox məmnunam. Biz bu turnirə ciddi fokuslanmışdıq. Məqsədimiz milli komandanı layiqincə təmsil etmək idi və inanıram ki, buna nail olduq".
İstedadlı müdafiəçinin fikirləri ilə razılaşmamaq çətindir. Sent-Lusiya (6:1) və Syerra-Leone (penaltilərlə qələbə, 1:1) üzərindəki uğurlar Azərbaycana CONCACAF və CAF təmsilçiləri kimi nadir hallarda qarşılaşdığı rəqiblərlə oyunda həm inam, həm də təcrübə qazandırdı.
Lakin bu, hər şey deyil. Komanda kuboku başı üzərinə qaldırdı, böyük azarkeş dəstəyi qazandı və əlavə bonus olaraq, FİFA reytinqində üç pillə irəliləyərək 124-cü yerə yüksəldi.
Klub və Milli Səviyyəsində İnkişaf
Bu uğurlar aylardır davam edən sistemli işin nəticəsidir. Azərbaycanda futbolun inkişafı üçün böyük səylər göstərilir və bu, təkcə milli komandada deyil, klub səviyyəsində də özünü büruzə verir. Cəfərquliyevin çıxış etdiyi Qarabag klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan təmsilçisi olması buna parlaq nümunədir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) bu müsbət dinamikada əsas rol oynayır. FİFA da öz növbəsində "FIFA Forward" proqramı vasitəsilə daxili futbolda VAR texnologiyasının tətbiqi və Turan Tovuz Futbol Akademiyasının inşası kimi layihələrə dəstək verir.
AFFA Prezidenti Rövşən Nəcəf də ölkə futbolundakı müsbət meyilləri və irəliləyişi vurğulayıb. Cəfərquliyev qeyd edir: "Həm VAR sistemi, həm də yeni akademiyalar futbolumuzun peşəkarlıq səviyyəsini artırıb. Bu, təkcə bizim üçün deyil, gələcək nəsillər üçün də vacibdir".
Gələcəyə Baxış: DÇ-2027 və Böyük Hədəflər
Ölkə artıq gələcəyə baxır. Bunun ən güclü simvolu 2027-ci ildə Özbəkistanla birlikdə ev sahibliyi ediləcək FIFA U-20 Dünya Çempionatıdır.
"2027-ci ildəki U-20 Dünya Çempionatı böyük hadisə olacaq. Bu, ölkə üçün geniş imkan, gənc nəsil üçün isə motivasiya mənbəyidir", - deyə karyerası boyu U-19 və U-21 komandalarında çıxış etmiş Cəfərquliyev əlavə edib.
"Belə turnirlər həm də bizim əsas məqsədimiz olan dünya çempionatına gedən yolda mühüm mərhələdir. Beynəlxalq təcrübə toplamaq gələcək uğurlar üçün vacibdir".
Təcrübə, inam və əzmkarlıq. Azərbaycan futbolu aydın şəkildə düzgün istiqamətdə irəliləyir.


