“Rəqibi yaxşı təhlil etmişdik, komandanın gücünü, futbolçularının səviyyəsini bilirdik”.
Offsideplus.az xəbər verir ki, bu sözləri AFFA-nın mətbuat xidmətinə açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə səfərdə keçirilən oyunla (0:1) bağlı fikirlərini bölüşüb: “Təəssüflər olsun ki, minimal hesabla məğlub olduq. İlk oyundan sonra istəyirdik ki, bu qarşılaşmada ən azı 1 xal qazanaq. Birinci hissədə bizi səhv etməyə məcbur etdilər və qapımıza yol tapdılar. Qarşıdakı oyunlarda yaxşı nəticə qazanmaq üçün tez bir zamanda səhvlərimizi analiz edib, onları aradan qaldırmağa çalışacağıq".
Qeyd edək ki, millimiz növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.


