"Sabah" ABL-nin final seriyasının ikinci oyununda "Abşeron Lions" komandasına 84:112 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, Abşeron təmsilçisinin baş məşqçisi Erhan Toker "Sabah"la oyundan sonra fikirlərini bölüşüb:
"Vəziyyət bəlli idi. Ceylon Şou və Saadettin Donat zədəli idi. Orelik Gediminas da ötən oyunu xəstə olmasına baxmayaraq oynamışdı, amma matçdan sonra onu xəstəxanaya aparmalı olduq. Vəziyyəti pisləşmişdi. Bu gün oyunun gedişində də Nicat Məmmədli xəstəxanaya getdi. Hələlik dəqiq bilmirəm, amma burnu qırılmış ola bilər. Bir sözlə çox kasad heyətlə çıxış etmək məcburiyyətində idik. Bundan başqa mərkəz mövqedə oynaya biləcək basketbolçumuz yox idi. Basketbolçularım çox böyük mübarizlik göstərdilər. Onlarla qürur duyuram. Bu şərtlərdə "Sabah" kimi güclü kluba qarşı oynamaq çox çətindir. Həm heyətləri tamdır, həm də ehtiyatda rotasiya üçün əlavə oyunçuları var. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Görünən odur ki, gələn oyunda da Saadettin Donat, Ceylon Şou, Nicat Məmmədli və Orelik Gediminassiz mübarizə aparmalı olacağıq. Görək necə olacaq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bir daha rəqib "Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm".


