“Real Madrid”in ulduz yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə millisində artıq əsas heyətdə yerinin təmin olunmadığı barədə məlumatlandırılıb.

Offsideplus.az xəbər verir ki, millinin baş məşqçisi Tomas Tuxel futbolçunun oyun formasından narazıdır və ciddi dəyişikliklərə hazırdır.

Tuxel qarşıdakı Dünya Çempionatı matçlarında Bellinqemin formasında ciddi yüksəliş olmazsa, start heyətdə Morqan Rocersə üstünlük verməyi planlaşdırır. Bununla da Bellinqem üçün uzun müddət davam edən “toxunulmaz” statusun sona çatdığı bildirilir.

İngiltərə millisində yeni dönəm başladan Tomas Tuxel komanda daxilində rəqabəti artırmaq niyyətindədir və ulduz adına baxmadan, yalnız cari performansa əsaslanaraq qərar verəcək.

Bu qərar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bir vaxtlar İngiltərə millisinin gələcək lideri kimi görülən Bellinqem üçün qarşıdakı aylar həlledici ola bilər.