"Real Madrid" klubu Kilian Mbappenin Mao Tszedunla bağlı sözlərinə görə rəsmi üzr istəyib.
Offsideplus.az xəbər verir ki, fransalı hücumçu özünü diktator kimi təsvir edən memlər barədə danışarkən, ən çox onu Çin lideri Mao Tszedun obrazında göstərən memin güldürdüyünü bildirib və bu obrazı dostları ilə ünsiyyətdə tez-tez istifadə etdiyini deyib. Bu açıqlamadan sonra Çinin üç şirkəti futbolçu ilə əməkdaşlığa son qoyub, ölkədə İspaniya çempionatının oyunlarının yayımı dayandırılıb.
Daha sonra La Liqa rəhbərliyi, Xavyer Tebas və Kilian Mbappe ictimai şəkildə üzr istəyiblər. "Real Madrid"in bəyanatında deyilir:
"Klubumuz oyunçumuz Kilian Mbappenin son açıqlamalarının yaratdığı mənfi hisslərə görə Çin xalqından üzr istəyir. Biz Çin, onun tarixi, mədəniyyəti və vətəndaşlarına, eləcə də "Real Madrid"ə sevgi və heyranlıqla yanaşan milyonlarla çinli azarkeşə dərin hörmət bəsləyirik. Klubumuz Kilian Mbappenin üzr istəməsinə qoşulur və futbolçunun sözlərinə görə təəssüfünü, Çin xalqına olan hörmətini təsdiqləyir. "Real Madrid" qarşılıqlı hörmət, birgəyaşayış və mədəniyyətlərarası anlaşma dəyərlərinə sadiqliyini bir daha vurğulayır və Çinlə, onun vətəndaşları ilə dostluq və sevgi bağlarını daha da möhkəmləndirmək arzusunu ifadə edir".


