“Baş məşqçimizin də dediyi kimi, Bosniya klubunu daha yaxından tanıdıq. İnşallah, öz oyunumuzu göstərək ki, qələbə qazanaq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi” klubunun kapitanı Emin Mahmudov UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar”a (Bosniya və Herseqovina) qarşı keçiriləcək cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, daha sonra bildirib: "Əsas odur ki, mərhələni biz adlayaq, sonra kiminlə oynayacağımız fərq etməz. Hazırda əsas məqsəd sabah qələbə qazanmaqdır. Biz rəqibə öz oyunumuzla cavab verməliyik. Hesabda önə keçəndən sonra vaxt aparmaq haqda düşünmürük. Belə şeyləri xoşlamıram, bu bizə qarşı olunanda da xoşuma gəlmir. Ümumiyyətlə, belə hallarda temp aşağı olur ki, bu da arzuolunmazdır. Çalışacağıq ki, yaxşı oynayıb qalib gələk. Hər məşqə var gücümüzlə çıxıb baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Əlimizdən gələni edəcəyik ki, nəticələrimiz yaxşı olsun. Bunun üçün istəkliyik, motivasiyalıyıq”.
Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" - "Jelezniçar" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.