"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) komandasına qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında rəqibin güclü və təcrübəli komanda olduğunu vurğulayıb.

İlk oyunda əldə etdikləri üstünlüyə baxmayaraq, Sadıqov rəqibin cavab matçında oyunun gedişatını dəyişmək üçün maksimum güc sərf edəcəyini bildirib:

"Bizi təcrübəli və adlı-sanlı klubla oyun gözləyir. İlk matçdan sonra üstünlüyümüz var. Rəqibin keyfiyyətli heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş dəstəyi var. Onlar avrokuboklarda kifayət qədər təcrübəyə malikdirlər. Sabah qarşıdurmanın gedişatını dəyişmək üçün əllərindən gələni edəcəklər. Biz buna hazırıq. Maraqlı 90 dəqiqə olacaq. Ümid edirəm ki, növbəti mərhələyə əsas vaxtda yüksələcəyik".

Baş məşqçi komandasının ilk oyundan daha yaxşı çıxış etməsinin vacibliyini də qeyd edib:

"İstərdim ki, fiziki baxımdan ilk oyundan daha yaxşı vəziyyətdə olaq. Mövsümün ilk rəsmi matçı həmişə çətin keçir. Bilirik ki, rəqib sabah daha yaxşı oynayacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki, həm də taktiki baxımdan daha keyfiyyətli oyun göstərməliyik. Optimal fiziki formaya çatmaq üçün isə 3-4 rəsmi oyun keçirmək lazımdır". 

Rəşad Sadıqov yeni mövsümdə Azərbaycan Premyer Liqasındakı hədəflərindən də söz açıb. O bildirib ki, "Zirə"nin məqsədi medal uğrunda mübarizə aparan komandalar sırasında yer almaqdır. Bunun üçün isə uğurlu transfer siyasətinin vacib liyini vurğulayıb.