"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşıdakı vacib oyun öncəsi komandanın son durumu, hazırlıq prosesi və rəqib barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, uzun səfər yolunun yaratdığı yorğunluğa rəğmən, futbolçuların matça yüksək motivasiya ilə çıxacağını vurğulayıb.
Qurban Qurbanov rəqib komandanın oyun üslubuna bələd olduqlarını və lazımi təhlillərin aparıldığını qeyd edib:
"Komandamız oyuna demək olar ki, tam hazırdır. Həm rəqibi yaxından tanımışıq, həm də onların oyununu ətraflı analiz etmişik. Düzdür, bura gələnə qədər olduqca uzun bir yol qət etdik. Dünən bütün günümüz yolda keçdiyi üçün futbolçularda xeyli yorğunluq var idi."
Səfərdəki hava şəraitinə toxunan baş məşqçi bunun oyun üçün əlverişli olduğunu bildirib:
"Hava şəraiti olduqca yaxşıdır. Havanın bir qədər soyuq olmasına baxmayaraq, hazırda tam mənası ilə əsl futbol havası hökm sürür."
Futbolçuların fiziki durumu və start heyəti ilə bağlı qərarlardan danışan təcrübəli mütəxəssis bəzi oyunçularda disbalansın olduğunu, lakin bunun ümumi əhvala təsir etməyəcəyini diqqətə çatdırıb:
"Bəzi futbolçularda kiçik fiziki disbalans yaransa da, komanda intizam və motivasiya baxımından oyuna tam köklənib. Keçən oyunla müqayisədə start heyətində müəyyən dəyişikliklərin edilməsi istisna deyil."
Baş məşqçi heyətlə bağlı yekun qərarın sabaha qədər olan vaxt ərzində dəqiqləşəcəyini və komandanın meydana tam hazır şəkildə çıxacağını bildirib.


